BAKI, 17 noyabr — Sputnik. "Rusiya İxrac Mərkəzi" SC və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında Anlaşma Memorandumu imzalanıb.
Sputnik Azərbaycan xəbər verir ki, imzalanma mərasimi Rusiya şirkətlərinin şəhər infrastrukturunun inkişafı sahəsində "Ağıllı şəhər" biznes-missiyası çərçivəsində keçirilən tədbir zamanı baş tutub.
Sənədi Rusiya İxrac Mərkəzinin (RİM) Baş direktoru Veronika Nikişina və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.
İqtisadiyyat nazirinin müavini Elnur Aydınov Rusiya işgüzar missiyasının iştirakı ilə Bakıda keçirilən "Ağıllı şəhər" mövzusunda tədbirdə deyib ki, Azərbaycanla Rusiya arasında bütün sahələrdə əlaqələr inkişaf edir. Bu kimi tədbirlər əlaqələrin inkişafında mühüm rol oynayır.
Bu ilin iyul ayında Rusiyadan Azərbaycana biznes missiyanı qəbul etdiklərini vurğulayan Aydınov bilidirib ki, həmin ərəfədə potensial layihələrlə bağlı müzakirələr aparılıb. Rusiyaya məxsus "KamAZ" ASC ilə Azərbaycana məxsus "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi arasında müqavilə imzalanıb.
Bu il oktyabrın 4-də isə Prezident İlham Əliyev Cəbrayıl rayonunda Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Albert Kərimovla birlikdə "Araz Vadisi İqtisadi Zonası"nın ilk rezidenti - "KamAZ" servis mərkəzinin təməlini qoyub. Burada yalnız "KamAz" markalı yük maşınlarına xidmət edilməyəcək, bütün yük avtomobillərinə, həmçinin aqrar texnikalara xidmət göstəriləcək. Hazırda həmin layihənin biznes planı hazırlanır.
Nazir müavini vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 44 günlük müharibə ilə 30 il davam edən işğala son qoyub:
"Hazırda bizim ölkə üçün prioritet uzun illər davam edən işğal nəticəsində dağıdılmış ərazilərimizin bərpası, həmçinin, əhalinin ora qayıtması üçün lazımi şəraitin yaradılmasıdır. Bu məqsədlə böyük bərpa işləri həyata keçirilir. Prezidentin dediyi kimi, Azərbaycan dost ölkələri bu prosesdə görməyə şaddır. Bu kontekstdə Rusiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı məqsədlərimizə çatmaqda əlavə impuls verərdi. Bu ay Rusiya şirkətlərindən Qarabağın bərpası ilə bağlı sorğu daxil olub".
Elnur Aydınovun sözlərinə görə, Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsi icra edilir və proses yekunlaşmaq üzrədir. Layihə "Ağıllı kənd"in bütün elementləri üzrə icra edilir. Növbəti ilin əvvəlində mərhələli şəkildə əhalinin həmin kəndə köçürülməsi planlaşdırılır. Həmçinin, işğaldan azad edilmiş digər ərazilərdə də "Ağıllı kənd" layihələrinin icrası nəzərdə tutulur. Artıq bu çərçivədə işlər həyata keçirilir.