BAKI, 17 noyabr — Sputnik. Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli görüşə müəyyən bir mərhələdə ehtiyac olacaq, lakin bunun üçün bütün tərəflərin razılığı lazımdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Şübhəsiz, müəyyən bir mərhələdə belə görüşlər lazımdır, lakin onların baş tutması üçün hər üç tərəfin razılığı və hazır olması lazımdır", - deyə Peskov qeyd edib.
O, eyni zamanda bildirib ki, Moskva Ermənistan-Azərbaycan sərhədində münaqişə tərəflərini təmkinli olmağa və üçtərəfli razılaşmalara riayət etməyə çağırır:
"Həqiqətən də, dünən sərhəddə hərbi əməliyyatların bərpa olunması ciddi narahatlığa səbəb oldu, lakin Rusiya tərəfinin vasitəçilik səyləri sayəsində münaqişə tərəflərini təmkinli olmağa çağırmaq mümkün olub. Rusiya tərəfi bunu gələcəkdə etməyə davam edəcək. Biz inanırıq ki, vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli razılaşmaların həyata keçirilməsidir".
Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.
Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.
Həmçinin oxuyun: