AZƏRBAYCAN XƏBƏRLƏRİ

Dəfn üçün müavinətlərin məbləği bərabərləşdirilə bilər

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycanda bütün müavinətlərdə artım proqnozlaşdırılır.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Milli Məclisdə yaşa görə müavinət alanlarla pensiyaçılara verilən dəfn üçün müavinətlərin məbləğinin bərabərləşdirilməsi təklif edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.
O bildirib ki, 2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsini balanslaşdırmaq üçün dövlət büdcəsindən ayrılan vəsait 2021-ci ildəkindən az olacaq. DSMF-nin ümumi xərclərinin 96,7%-ni əhaliyə ödənişlər təşkil edəcək. Əhaliyə ödənişlər üzrə xərclərin çoxu əmək pensiyaları üçün olan ödənişlərdir. Cari və növbəti illər üzrə pensiyaların orta aylıq məbləğinin artımı müvafiq olaraq 9,4 və 4,4% olaraq qiymətləndirilir. 2022-ci ildə hamiləliyə, 1 yaşında uşağa baxmağa, 3 yaşında uşağa qulluq üzrə, dəfn və s. müavinətlər üçün 180 milyon manat ayrılır. Bütün müavinətlərdə artım proqnozlaşdırılır.
Qeyd edək ki, 2022-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin gözlənilən icra göstəricisindən 253 milyon manat və ya 5% çoxdur. Fondun gəlirlərinin 78,2%-i məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 21,6%-i isə dövlət büdcəsindən balanslaşdırma məqsədilə ayrılan vəsait hesabına təmin ediləcək. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 58,8%-i qeyri-büdcə sektorunun, 39,4%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına formalaşacaq. Büdcədən maliyyələşən təşkilatlar üzrə gəlirlərin artım tempi 27,1%, qeyri-büdcə sektorunda isə 13,1% təşkil edəcək.