BAKI, 17 noyabr — Sputnik. Azərbaycan və Ermənistan Təhlükəsizlik Şuralarının nümayəndələri - Armen Qriqoryan və Ramil Usubov Moskvada MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin illik toplantısında iştirak edirlər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti məlumat yayıb.
"İclasın gündəliyinə Əfqanıstandan MDB dövlətlərinin təhlükəsizliyinə təhdidlər, miqrasiya sahəsində problemlər, biotexnologiyanın inkişafı ilə bağlı məsələlər var. Bundan əlavə, humanitar yardım tədbirləri, informasiya-kommunikasiya texnologiyalarının cinayət məqsədləri üçün istifadəsinə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət planları müzakirə olunacaq" - deyə məlumatda bildirilib.
İclasda Rusiya, Azərbaycan və Ermənistan Təhlükəsizlik Şuralarının katibləri Nikolay Patruşev, Ramil Usubov və Armen Qriqoryan, Belarus, Qazaxıstan Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan Təhlükəsizlik Şuralarının katibləri, habelə Moldovadan nümayəndələr, MDB-nin icraçı katibi Sergey Lebedev və KTMT-nin baş katibi Stanislav Zas iştirak edirlər.