AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan tarixində 17 günlük etirazın izi

SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan “Meydan hərəkatı”nın mühüm rol oynadığını qeyd edirlər.
Sputnik
BAKI, 17 noyabr - Sputnik. Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu günün tarixi 33 il əvvələ dayanır.
1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan rəsmi Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib və ən yeni tariximizdə “Meydan hərəkatı” adlanan prosesin əsas qoyulub.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi “Meydan hərəkatı”nın əsasını qoyub.
Moskvanın və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan “Meydan hərəkatı”nın mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilməyib və 17 günlük “Meydan hərəkatı” Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.
Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, iş günü sayılır.