BAKI, 16 noyabr — Sputnik. Respublika ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit və yağıntılı keçməsi ilə əlaqədar olaraq SOCAR-ın "Azneft" İB dənizdəki istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, küləyin sürətindən asılı olaraq təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində 28 nəfər təxliyə edilib. Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır. Qəhrəman və fədakar neftçilərimiz iş başındadır. Hazırda istehsalat öz ahəngi ilə davam edir.