VİDEO

Uşaqlar sevinirlər: Qubanın Xınalıq kəndi ağ yorğana bürünüb

Bu gün Azərbaycanın bir çox rayonlarına qar yağıb. Qarın, demək olar ki, ən çox yağdığı məkan Qubanın Xınalıq kəndidir.
Sputnik
Bu kənddə, demək olar ki, hər fəsildə qar görmək mümkündür. Adətən Azərbaycana ilk qar elə Xınalığa yağır.
Bu gün də kənd ağappaq örpəyə bürünüb. Qarın hündürlüyü 7-8 sm təşkil edir. Xınalıq məktəbinin müəllimi Namiq Əhmədovun sözlərinə görə, qarın yağmasına ən çox sevinən uşaqlardır. Onlar səhər tezdən durub məktəbə qarda sürüşə-sürüşə gedib, bir-birləri ilə doyunca qartopu oynayıblar.
Onu da qeyd edək ki, qarın yağması nəticəsində rayon mərkəzi ilə əlaqə qismən kəsilib. Səhər elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Milli Hidrometeorologiya Xidmətinin Sputnik Azərbaycana-a verdiyi məlumata əsasən, düşən yağıntının miqdarı: Vəlvələçay-Təngəaltıda (Quba) 17.0 mm, Ləzədə 12.0 mm, Qusarda 10.0 mm, Şabranda 3.0 mm, Qəbələ, Şəkidə 2.0 mm, Şahdağ, Altıağac, Xaltan, Neftçala, Lerik, Zaqatala, Balakən, Oğuz, Kişçay (Şəki), Sarıbaşda (Qax) 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Pirallahı, Maştağa, Sumqayıtda 1.0 mm-dək olub.
Qar örtüyünün hündürlüyü: Ləzədə 8 sm, Qrız-Qudyalçayda 6 sm, Vəlvələçay-Təngəaltıda (Quba) 4 sm, Sarıbaş (Qax), Qusarda 2 sm, Altıağac, Xaltan, Şahdağda 1 sm olub.