İQTİSADİYYAT

Nəzarət olunan xarici müəssisələr Azərbaycanda vergiyə cəlb olunacaq

Azərbaycanın rezidenti hesab olunmayan, güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən müəssisənin mənfəəti bir sıra hallarda Azərbaycanda vergiyə cəlb ediləcək.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. Nəzarət olunan xarici müəssisələrin Azərbaycanda vergiyə cəlb olunması mexanizmi Vergi Məcəlləsinə daxil edilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, məcəlləyə "Nəzarət olunan xarici müəssisə və onun vergiyə cəlb edilməsi" adlı yeni maddə əlavə edilir.
Əlavəyə görə, vergitutma məqsədləri üçün Azərbaycanın rezidenti hesab olunmayan, güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən müəssisənin mənfəəti aşağıdakı hallarda Azərbaycanda vergiyə cəlb olunacaq:
- Azərbaycanın rezidenti hesab edilən şəxs özü və ya qarşılıqlı surətdə asılı olduğu rezident və ya qeyri-rezident şəxslə birlikdə birbaşa və ya dolayısı ilə xarici müəssisədə 50 faizdən çox səsvermə hüququna və ya onun nizamnamə kapitalının 50 faizindən çoxuna və ya həmin xarici müəssisənin mənfəətinin 50 faizindən çox hissəsini əldə etmək hüququna sahibdirsə;
- nəzarət olunan xarici müəssisənin mənfəətindən faktiki ödənilən vergi, bu Məcəlləyə uyğun olaraq həmin mənfəətdən ödənilməli mənfəət vergisindən 2 dəfə və ya daha çox aşağı olarsa;
- xarici müəssisənin illik gəlirlərinin 30 faizindən çox olan hissəsi aşağıdakı gəlirlərdən ibarət olarsa:
- maliyyə aktivlərindən əldə edilən faiz;
- əqli mülkiyyətdən əldə edilən royalti;
- səhmlərin və iştirak paylarının satışından əldə edilən gəlir;
- maliyyə lizinqindən əldə edilən gəlirlər;
- sığorta, bankçılıq və digər maliyyə əməliyyatlarından əldə edilən gəlirlər;
- heç bir iqtisadi dəyər yaratmayan mal və xidmətlərdən gəlir əldə edən müəssisələr üzrə gəlir.
Nəzarət olunan xarici müəssisə haqqında arayışın rezident fiziki və hüquqi şəxslər tərəfindən vergi orqanına təqdim edilmə forması və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Bu maddəyə uyğun olaraq nəzarət olunan xarici müəssisənin mənfəəti Azərbaycan Respublikasında vergiyə cəlb edilərkən eyni vergitutma obyektindən iki dəfə vergilərin hesablanmasına yol verilmir və həmin mənfəətdən ödənilən (tutulan) vergi məbləği nəzərə alınır.
Nəzarət olunan xarici müəssisədən əldə edilən aşağıdakı gəlirlər nəzarət olunan xarici müəssisənin vergitutulan gəlirlərinə aid edilmir:
- nəzarət olunan xarici müəssisədən əldə edilən dividentlər;
- rezident müəssisə nəzarət olunan xarici müəssisənin törəmə müəssisəsi olduqda, nəzarət olunan xarici müəssisənin ümumiləşdirilmiş (konsolidə edilmiş) mənfəətindən rezident müəssisəyə aid olan vergiyə cəlb olunan mənfəət;
- nəzarət olunan xarici müəssisənin Azərbaycandakı daimi nümayəndəliyi vasitəsilə əldə edilən, habelə Azərbaycanda təsis etdiyi müəssisədən əldə olunan və Azərbaycanda vergiyə cəlb olunmuş gəlirlər.