SƏHİYYƏ

Əhliman Əmiraslanov İTS zərfinə daxil olan xidmətlərin sayının artırılmasını təklif edib

İcbari tibbi sığortanın, səhiyyə proqramlarının həyata keçirilməsində, pandemiya ilə mübarizədə ayrılan maliyyələrdə artımlar var, ancaq tibbi tədqiqatlar üçün xərclər azdır.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. 2022-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri 7,1 faiz artırılaraq 1.789 milyard manata çatdırılıb. Bu, Azərbaycanın müstəqillik tarixində ən böyük səhiyyə xərcidir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.
Ə.Əmiraslanov qeyd edib ki, son 5 ildə Azərbaycanda səhiyyə xərcləri 2,5 dəfə artıb. İcbari tibbi sığortanın, səhiyyə proqramlarının həyata keçirilməsində, pandemiya ilə mübarizədə ayrılan maliyyələrdə artımlar var, ancaq tibbi tədqiqatlar üçün xərclər azdır. Gələcəkdə bu istiqamətdə maliyyə vəsaitinin artırılmasına ehtiyac var.
"Təəssüf ki, tibbi sığortanın həyata keçirilməsi pandemiya ilə bir vaxta düşdü. Problemlər ortaya çıxsa da icbari tibbi sığorta uğurla həyata keçirilir. İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin sayı bu gün 2500 civarındadır. Bu xidmətlərin az olması insanlarda narahatlıq yaradar. Bu rəqəmi artırsaq, insanlara daha yaxşı tibbi xidmət göstərə bilərik. Orqan transplantasiyası sahəsində növbələr yaratmağa da bizim ixtiyarımız yoxdur. Bu istiqamətdə də işləri davam etdirməliyik", - deyə komitə sədri əlavə edib.
Qeyd edək ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26816,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1389,0 milyon manat və yaxud 5,5 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 2134,3 milyon manat və yaxud 8,6 faiz çox, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə isə 170,0 milyon manat və yaxud 0,6 faiz azdır.
Dövlət büdcəsinin xərcləri 29879,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1336,0 milyon manat və ya 4,7 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3462,7 milyon manat və yaxud 13,1 faiz çoxdur.
Eləcə də oxuyun:
* Regionlarda çoxfunksiyalı mərkəzi xəstəxanaların yaradılması planlaşdırılır
* Səhiyyə üçün ayrılan vəsait ən çox bir sahəyə xərclənir
* Azərbaycanda tibbi xidmətlərin ƏDV-dən azad edilməsi müzakirə olunub