Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Azərbaycan və Ermənistan sərhədində hərbi toqquşma dayandırılıb - Rusiya MN

Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.
Sputnik
BAKI, 16 noyabr - Sputnik. Rusiya Müdafiə naziri Sergey Şoyqunun hər iki ölkədən olan həmkarları ilə telefon danışığından sonra Azərbaycan və Ermənistan dövlət sərhədində hərbi toqquşmaları dayandırıblar.
Sputnik Azərbaycan bildirir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
"Azərbaycan və erməni tərəfləri ilə telefon danışıqları nəticəsində vəziyyətin sabitləşdirilməsi üzrə tədbirlər görülüb. Hazırda Kilsəli dağı rayonunda hərbi qarşıdurma dayandırılıb, vəziyyət sabit və nəzarət altındadır", - məlumatda deyilir.
Qeyd edək ki, Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib. S.Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırlığını ifadə edib.
Bundan öncə isə Ermənistan Müdafiə Nazirliyi də məlumat yayıb ki, bu qurumun yeni təyin olunmuş naziri Suren Papikyan Azərbaycanla sərhəddə yaranmış vəziyyəti Şoyqu ilə müzakirə edib.
-------
16:36
Ermənistan silahlı qüvvələri bölmələrinin həmləsi hərbçilərimiz tərəfindən dəf edilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Məlumatda qeyd olunur ki, qarşı tərəfin dövlət sərhədi boyunca istənilən döyüş aktivliyi bölmələrimiz tərəfindən izlənilir.
Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir.
Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır.
Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb.
Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.
Bir daha bəyan edirik ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.
---------
15:05
Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir.
Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq.
----------
14:12
Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.
Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.
--------
13:24
Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.
Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.
Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə, ilkin məlumata görə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatları üçün təhlükə yoxdur.
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.
Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi Yerevanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib.
------------
10:57
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i saat 16.15-dən etibarən noyabrın 16-sı saat 04.30-dək Basarkeçər rayonunun Əzizli, Zərkənd, Aşağı Şorca, Dərə, Göysu, Pəmbək, Şəmşəddin rayonunun Çinarlı, Mosesqex, Yuxarı Mehrab, Ayqepar, Qulalı və Çəmbərək rayonunun Cil yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə, Gədəbəy rayonunun Qalakənd , Daryurd, Novoivanovka, Qaravəlilər, Tovuz rayonunun Ağbulaq, Ağdam, Qaralar, Qoşa, Koxanəbi, Hacallı, Əlibəyli, Əsrik Cırdaxan və Ağstafa rayonunun Köhnəqışlaq yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Qeyd olunur ki, qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məsqəsilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Xatırladaq ki, artıq bir neçə gündür ki, Azərbaycan-Ermənistan sərhədində, eləcə də Rusiya sülhməramlılarınan müvəqqəti olaraq yerləşdirildiyi Qarabağda erməni təxribatlarının arası kəsilmir.
Eləcə də oxuyun:
* Ermənistanla sərhəddə gərginlik: Kəlbəcər istiqamətində atışma gedir