BAKI, 16 noyabr - Sputnik. Ağdam rayonunda minaya düşən şəxsin meyiti ərazidən götürülüb. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib.
Onun sözlərinə görə, noyabrın 15-də Ağdam rayonunun Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşərək həlak olan Ağdam rayon sakini Zaur Ağayevin meyitinin ərazidən götürülməsi üçün müvafiq qurumların əməkdaşları tərəfindən intensiv tədbirlər keçirilib.
Həmin şəxsin meyiti noyabrın 16-da ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
--------------------
15.11.2021
20:54
Minaya düşərək həlak olan Ağdam rayonu Təzəkənd kənd sakini Ağayev Zaur İsa oğlunun ölümü ilə bağlı bəzi detallar məlum olub.
Onun işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər edərkən minaya düşdüyü bildirilir.
Hadisə yerinə gələn mütəxəssislər mərhumun meyitinin gecə götürülməsinin qeyri-mümkün olduğunu bildiriblər. Meyit səhər saatlarında götürüləcək. Buna səbəb ərazidə mürəkkəb mina sahəsinin mövcudluğudur.
***
18:55
Ağdamda 41 yaşlı kişi minaya düşərək həlak olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün saat 17 radələrində rayonun Təzəkənd kəndində yerli sakin, 1981-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb.
Nəticədə o, hadisə yerində həlak olub. Faktla bağlı araşdırma aparılır.
Ağdam Rayon Prokurorluğunun yaydığı məlumata görə, noyabrın 15-də saat 17 radələrində 1980-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla Zaur Ağayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ölməsi müəyyən edilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Qeyd edək ki, noyabrın 7-si saat 16 radələrində 1967-ci il təvəllüdlü Xanlar Aslanovun Cəbrayıl rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşərək xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla Xanlar Aslanovun kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.