DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tehranda kritik görüş: Ankara "3+3" formatı ilə bağlı İrandan nə istədiyini açıqladı

Mövlud Çavuşoğlu bildirib ki, İraqın, Əfqanıstanın sabitliyi üçün İran və Türkiyənin mühüm addımlar ata biləcəyini düşünürlər.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Regionda önəmli hadisələr baş verir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Tehranda iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Regional məsələlərdə dialoq və iş birliyimizin davam etdirilməsi hər zamankından daha əhəmiyyətlidir. Əfqanıstan məsələsi, Suriyada siyasi həll yolu üçün iki ölkənin də birgə işləməsi önəmlidir", - türk nazir deyib.
"Cənubi Qafqazın sabitliyi üçün xüsusilə “3+3” formatı çərçivəsində İranla daha yaxından işləməyi arzulayırıq. Həmçinin İraqın, Əfqanıstanın sabitliyi üçün İran və Türkiyənin mühüm addımlar ata biləcəyini düşünürük", - deyə Çavuşoğlu bildirib.
“3+3” platforması
Qeyd edək ki, Bakı və Ankara Rusiya, Gürcüstan, İran və Ermənistanın da qatılacağı “3+3” platformasını yaratmaq niyyətindədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "G20" sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistana regionda sülhün birgə bərpası təklifi ilə müraciət edib. Onun sözlərinə görə, əgər adıçəkilən bütün ölkələr məsələyə müsbət yanaşsa, belə bir əməkdaşlıq platforması yaradıla bilər.
Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2020-ci ilin dekabrında vacibliyini vurğuladığı “3+3” (Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistan) platformasından gedir. Ancaq aradan bir ilə yaxın vaxt keçsə də, platformanın yaradılması ideyası ilə bağlı irəliləyiş əldə olunmayıb. Özü də maraqlıdır ki, Ermənistanın ucbatından deyil. Bu ölkədə sözügedən formatla bağlı müzakirələr davam edir. Erməni tərəfinin mövqeyi tam aydın olmasa da, onlar bu formata etiraz etməyiblər.
Bütün əngəl rəsmi Tbilisi ilə bağlıdır, Gürcüstan heç cür Moskva ilə birgə bu platformada iştiraka razılıq vermək istəmir. Gürcü tərəfi yaxşı başa düşür ki, regional platformalardan kənarda qalmamalıdır, ancaq istəyir ki, bütün iştirakçı dövlətlər başqa ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşsınlar.
Xüsusilə də, Gürcüstanın xarici işlər naziri David Zalkaliani açıq-aşkar ifadə edib ki, "hazırkı mərhələdə Gürcüstanın Rusiya ilə birgə yeni regional formatlarda iştirakı mümkünsüzdür".