BAKI, 15 noyabr — Sputnik. Rusiya Ankaradan müvafiq müraciət olacağı təqdirdə Türkiyəyə öz beşinci nəsil qırıcı təyyarəsinin mühərrikinin yaradılmasında kömək etməyə hazırdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev bildirib.
"Türkiyənin "TFX" adlı beşinci nəsil qırıcı yaratmağa dair öz proqramı var. Bildiyim qədəri ilə, onlarda mühərriklə bağlı heç də hər şey istədikləri kimi alınmır – müraciət olarsa, kömək edərik", - deyə Şuqayev qeyd edib.
O, həmçinin bildirib ki, "S400" zenit raket komplekslərinin alınmasına görə "F-35"-ləri ala bilməyən Ankaranı Rusiya istehsalı olan "Su-35", həmçinin "Su-57" qırıcıları maraqlandıra bilər.
Qeyd edək ki, noyabrın 14-ü Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev Beynəlxalq Dubai Airshow-2021 aviasalonunun kuluarlarında Moskva və Ankaranın birgə silahlanma layihələrini və Rusiya hərbi məhsullarının Türkiyəyə tədarükünü müzakirə etdiklərini deyib.
Xatırladaq ki, daha əvvəl Türkiyənin "Türk Havacılık ve Uzay Sanayi AŞ (TUSAŞ)" şirkətinin rəhbəri Temel Kotil bildirib ki, bu ölkənin yerli, beşinci nəsil qırıcısının prototipinin istehsalı 2022-ci ildə yekunlaşacaq.
Kotil Türkiyənin istehsal edəcəyi qırıcını "F-16"-larla müqayisə edib. Müqayisə nəticəsində Türkiyə istehsalı olacaq beşinci nəsil qırıcıların Amerika istehsalı analoqundan daha güclü olduğu görünür.
"F-16"-nın tək motoru var, bizim qırıcımızın iki. Yerli istehsal olacaq qırıcı görünməz olacaq. "F-16" 1980-cı illərin texnologiyası ilə yaradılıb, bizim təyyarəmiz 2020-ci ilin. "F-35" tək motorludur. Türkiyənin qırıcısı isə ondan 1,5 dəfə güclü olacaq. Qırıcımız "F-22" ilə "F-35" arasında bir qırıcı olacaq", - Kotil bildirib.
O qeyd edib ki, 2028-ci ildə qırıcının kütləvi istehsalına başlanılacaq: "2030-cu ildə isə ildə 24 ədəd istehsal edə biləcəyik".
Qeyd edək ki, ötən həftə Türkiyənin "Türk Havacılık ve Uzay Sanayi AŞ (TUSAŞ)" şirkəti bu ölkənin istehsalı olacaq beşinci nəsil təyyarənin prototipinin ilk detalını istehsal edib.
Şirkət layihə çərçivəsində 2022-ci ilin sonuna qədər hərbi təyyarənin 20 minə qədər detalını yaratmaq niyyətindədir.
Qırıcının prototipinin 18 mart 2023-cü ildə anqardan çıxması planlaşdırılır. Bundan sonra təyyarənin sistemi və mühərrikinin testinə başlanılacaq.
Təyyarənin ilk uçuşunun 2026-cı ildə həyata keçirilməsi planlaşdırılır.
Həmçinin oxuyun: