CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda "xruşovka" qalmaqalı - Şirkət sakinləri razı salmamış binanı sökür

Şərifzadə 192 ünvanında yerləşən binanın sökülmədiyi bildirilsə də, binada yaşayış olmasına baxmayaraq əksər mənzillərin qapı-pəncərələrinin çıxarıldığının, arakəsmələrinin isə söküldüyünün şahidi olduq.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Paytaxtın Yasamal rayonunda "xruşovka"ların sökülməsinə başlanılıb. Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov Trend-ə açıqlamasında bildirib ki, rayonun A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli binaların söküntüsü mərhələli şəkildə aparılacaq. Söküntü işini "SmartDom" MMC şirkəti aparır.
Sputnik Azərbaycan "xruşovka"ların sökülməsi işlərinin Yasamal rayonunda daha hansı ünvanlarda davam etdiriləcəyini araşdırıb.
Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov Spunik Azərbaycan-a açıqlamasında bildirib ki, "xruşovka"ların sökülməsi ilə bağlı onun adından məlumat mətbuatda bir qədər yanlış gedib: "Hazırda Yasamal rayonunda yerləşən "xruşovka"ların hamısı sökülmür. Yasamal rayonunda 360 "xruşovka" layihəli bina var.
Söküləcək bina Şərifzadə 192 ünvanında yerləşir. "SmartDom" MMC həmin ünvanda yerləşən 112 mənzilli binanı alaraq söküb yerində yeni bina inşa edəcək. Yəni bu pilot layihə deyil. Həmin binada sakinlərin əksər hissəsi şirkətlə razılaşaraq evindən köçməyə razılıq verib. 20 sakin isə razılaşmaq istəmir. Onlar daha böyük sahə və təmirli mənzil tələb edirlər. Bu, şirkətlə sakinlər arasında olan məsələdir. Pilot layihə olmadığından işə biz qarışmırıq".
E.Bağırov onu da əlavə edib ki, hazırda ərazidə yerləşən binanın sökülməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir: "Orada hazırda tikintini aparacaq şirkətlə sakinlər arasında danışıqlar gedir. Söküntü işlərinə isə bütün mənzillərdə yaşayan sakinlər tam köçürüldükdən sonra başlanılacaq".
Bakıda A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli bina
Qeyd edək ki, Şərifzadə 192 ünvanında yerləşən binanın sökülmədiyi bildirilsə də, binada yaşayış olmasına baxmayaraq əksər mənzillərin qapı-pəncərələrinin çıxarıldığının, arakəsmələrinin isə söküldüyünün şahidi olduq.
Söküntü işləri həmin binalarda yaşayan sakinlərin də bir qismini narazı salıb. Sözügedən ünvanda yaşayan narazı sakinlərin sözlərinə görə, söküntünü aparan şirkət onlara ərazidən köçmək üçün aşağı qiymət və yaxud təmirsiz mənzillər təklif edir. Fərid Nəsibzadə adlı sakin Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2019-cu ildən bu məhəllədə yerləşən binada yaşayır.
Onun sözlərinə görə, şirkət sakinlərlə razılaşmadan əl altından, digər sakinlərin adı ilə binanı sökür: "Guya söküntünü şirkət yox, onlarla razılığa gələn sakinlər aparırlar. Tikinti şirkəti elə bir təəssürat yaradır ki, binanı sakinlər özləri sökürlər".
Bakıda A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli bina
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən ərazidə tikintiyə icazə icraatı çərçivəsində təqdim olunmuş ərazi planlaşdırma sənədləri normativ tələblərə əsasən təsdiq edilib.
Hazırda tikintiyə icazə üçün aidiyyəti dövlət qurumlarının rəyləri toplanılır: "Qeyd edilən ünvanda "SmartDom" MMC tərəfindən yaşayış və qeyri-yaşayış binalarının tikintisi planlaşdırılır. İndiki mərhələdə həmin ərazidə əmlak istifadəçiləri ilə tikinti şirkəti arasında qanunvericiliyin tələblərinə uyğun olaraq danışıqlar aparılır".
“SmartDom” MMC-nin direktoru Eldəniz Əliyevin sözlərinə görə, sakinlərin 90 faizi ilə mübadilə razılaşması bağlanıb, hətta onların köçməsinə da yardım olunub. Bəziləri isə mənzillərini satmaq arzusunda olduqlarını bildiriblər. Belə mənzillər bazar qiymətindən yüksək qiymətə onlardan alınıb. Qalanlarına isə tikinti şirkəti əvvəlki mənzillərini 20-30% daha böyük sahəyə malik yeni mənzillərlə dəyişdirməyi təklif edib. Şirkət onlara mövcud 83 kvadratmetrlik yaşayış sahəsi əvəzinə 40% daha geniş mənzil təklif edib.
“Biz tikinti, təmir və inşaat müddətində kirayə yaşayış xərclərini öz üzərimizə götürürük. Evdən çıxmaq istəməyənlər bizdən 250 min manat tələb edirlər, digərləri bir otağın əvəzinə üç otaq istəyirlər. Gecə yatır, səhər durub 400 min manat tələb edirlər. 114 ailənin içində 20-si narazı olanlardır. Bizim onların istədikləri rəqəmi verməyə imkanımız yoxdur, bu halda tikinti yarımçıq qalacaq. İnsanlar bizdən mənzillərinin dəyərindən beş qat artıq pul tələb edirlər. Biz köçürməyə başlayanda üçotaqlı mənzil 75 min manata idi, indi qiymətlər 100 min manata qədər artıb. Mən isə onlara 150 min verirəm, amma razılaşmırlar”, – deyə tikinti şirkətinin rəhbəri bildirib.
O da məlum olub ki, sakinlərlə tikinti şirkəti arasında narazılıq bu ilin mart ayından bəri davam edir. Eldəniz Əliyevin sözlərinə görə, tərəflər arasında ümumi razılığa gəlinməsi üçün dövlət orqanlarına müraciət etmək niyyətindədirlər.