İQTİSADİYYAT

Azərbaycanda muzdla çalışan işçilərin sayı artıb

2021-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 723,2 manata çatıb.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. 2021-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 min nəfər və ya 1,1 faiz artaraq 1699,3 min nəfər olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, muzdla çalışan işçilərin 903,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 795,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib:
"Onların 19,2 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13,8 faizi isə iqtisadiyyatın digər sahələrində çalışıb.
2021-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 723,2 manata çatıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.