BAKI, 15 noyabr — Sputnik. Bu gün Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) baş ofisində Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyinin iştirakı ilə Macarıstanın Enerji və Kommunal Tənzimləmə Qurumunun (MEKH) nümayəndə heyəti ilə görüş keçirilib. Sputnik Azərbaycan bu barədə Agentliyə istinadən xəbər verir.
Tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və MEKH-in vitse-prezidenti Pal Saqvari imzalayıb. Memoranduma əsasən hər iki tənzimləyici qurum arasında enerji sahəsində, xüsusilə bərpa olunan enerji mənbələri, eləcə də enerji səmərəliliyi mövzusunda təcrübə mübadiləsinin aparılması, qarşılıqlı təcrübə və təlim proqramlarının keçirilməsi, birgə tədqiqat işlərinin reallaşdırılması, habelə konfrans və seminarlarda iştirak nəzərdə tutulur.
Anlaşma Memorandumu 2020-ci ilin fevral ayında Budapeştdə Azərbaycan və Macarıstan hökumətləri arasında enerji sahəsində iqtisadi əməkdaşlıq üzrə Macarıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının İşçi Qrupunun birinci iclasında əldə edilmiş razılaşmaya uyğun olaraq imzalanıb. Həmin görüşdə tərəflər iki ölkə arasında enerji sahəsində əməkdaşlığı, o cümlədən enerji tənzimləmə sahəsində əlaqələrin yaradılmasında maraqlı olduqlarını bildiriblər.
EMTA elektrik, qaz və istilik təchizatı ilə bağlı məsələləri tənzimləyir və nəzarət edir. Prezidentin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılan Agentlik publik hüquqi şəxs kimi fəaliyyət göstərir.
MEKH 1994-cü ildə Macarıstan Enerji İdarəsi kimi yaradılıb. MEKH Macarıstanda elektrik enerjisi, təbii qaz, mərkəzləşdirilmiş istilik və su kommunal şirkətlərinin fəaliyyətini tənzimləyir və onlara nəzarət edir. Qurum tullantıların idarə edilməsi, enerji statistikası və istehlakçıların hüquqlarının müdafiəsi üzrə qiymətlərin tənzimlənməsi ilə bağlı səlahiyyətlərə malikdir.