İQTİSADİYYAT

Azərbaycan iqtisadiyyatı həcminə görə 2019-cu ildəki səviyyəni üstələyəcək - Nazir

Bu il ölkənin strateji valyuta ehtiyatları artacaq və onun Ümumi Daxili Məhsula nisbəti 108% təşkil edəcək ki, bu da xarici dövlət borcundan bir neçə dəfə çoxdur.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. "1995-ci ildən bu il iyulun 1-nə qədər Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dolları investisiya qoyulub".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, bunun yarısı xarici sərmayələrdir.
"O cümlədən ölkənin sənaye zonalarına qoyulması nəzərdə tutulan 6,7 milyard dollar investisiyanın 6,3 milyard dolları artıq yatırılıb", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, bu il Azərbaycan iqtisadiyyatı həcminə görə 2019-cu ildəki səviyyəni üstələyəcək. Ölkənin strateji valyuta ehtiyatları artacaq və onun Ümumi Daxili Məhsula nisbəti 108% təşkil edəcək ki, bu da xarici dövlət borcundan bir neçə dəfə çoxdur.
Qeyd edək ki, bu gün Bakıda 25-ci Beynəlxalq Biznes Forum (International Business Forum – IBF) işə başlayıb. Tədbir Kiçik və Orta Biznesin inkişafı Agentliyi (KOBİA), Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) və İBF-in təşkilatçılığı, Azərbaycan İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi ilə keçirilir.