MƏDƏNİYYƏT

Məşhur rus aparıcının oğlunu yenə azərbaycanlı oynayacaq

Sputnik
BAKI, 14 noyabr — Sputnik. Məşhur rus aktyorlar və azərbaycanlı əsilli İmran Çələbinin rol aldığı "Yolka" Yeni il melodramının premyerası dekabrda olacaq.
Doqquz yaşlı azərbaycanlı aktyor İmran Çələbi Rusiyanın məşhur "Yolka 8" filminin davamında çəkilib. İmran yenidən İvan Urqantın oğlunu canlandıracaq. Bu barədə gənc aktyorun valideynləri Sputnik Azərbaycan-a bildiriblər.
Bu, İmran Çələbinin təsadüfən rol aldığı "Yolka" filminin çəkilişlərində artıq dördüncü iştirakıdır. 2016-cı ilin yazında Sankt-Peterburqda Boris Vorobyovun oğlu Boris Borisoviçin rolu üçün kastinq keçirilirdi. Bundan əvvəl yeniyetmə modellik və aktyorluqla fəal məşğul olurdu, adı aktyorluq bazalarında idi, buna görə də onu kastinqə dəvət etdilər. Aktyorları filmin rejissoru Timur Bekmambetov seçib. Rejissorun İmranın istedadını xüsusi qeyd etməsi uşağın ailəsi üçün xoş xəbər olub. Bundan sonra yeniyetmə filmin növbəti seriyalarında oynamaq üçün dəvət edilib.
Çəkilişlər iki illik fasilədən sonra 2021-ci ilin yayında başlayıb. Bu filmin rejissoru yenidən Anton Boqdanov, layihənin bədii rəhbəri isə Timur Bekmambetovdur. Məşhur filmin səkkizinci hissəsi Perm, Tümen, Ufa, Saransk və Rusiyanın digər şəhərlərində çəkilib.
Lent seriyanın digər filmləri kimi, bir neçə kiçik hekayədən ibarətdir, ancaq bu dəfə yalnız real hadisələrə əsaslanan hekayələri əhatə edəcək. Yayda qış illüziyasını yaratmaq üçün səhnələrin əksəriyyəti qapalı məkanda çəkilib və bu, çəkiliş komandası üçün ən çətin iş olub.
İvan Urqant və Sergey Svetlakov ilə birlikdə Nikita Yefremov, Darya Moroz, Anna Çipovskaya, Viktoriya Aqalakova, Stas Starovoytov, Yevgeni Kulik və bir çox aktyorlar "Yolka 8" filmində iştirak edirlər. Filmin premyerası dekabrın 16-da Rusiyada keçiriləcək.
İmran Çələbi valideynləri ilə Sankt-Peterburqda yaşayır, ancaq tez-tez Azərbaycana gəlir. O, nəinki aktyor, həm də model kimi tanınır. Yeniyetmə müxtəlif dünya brendlərinin uşaq geyimlərinin reklam çarxlarında, moda nümayişlərində iştirak edib.