PAYTAXT XƏBƏRLƏRİ

Küləkli, yağışlı Bakının işgüzar sakinləri

Havanın küləkli, yağışlı olmasına baxmayaraq onlar evlərinə çörəkpulu aparmaq üçün gərgin iş başındadırlar. Süpürgəçilər küləkdə bacardıqları qədər zibilləri toplamağa çalışır, bağban yağış altında yaşıllıqlara qulluq edir.
Sputnik
BAKI, 14 noyabr — Sputnik. Tozlu, yağışlı, çiskinli və küləkli Bakını adətən pəncərədən seyr edirik. Soyuqda gəzməmək üçün əksəriyyət evə, işə qaçaraq getdiyindən küçələr saniyələr içində boşalır, bozarır. İş yeri küçə olanlar isə həmişəki kimi, yağışa-borana, küləyə baxmayaraq iş başındadırlar.
Altmış yaşlı həmsöhbətimiz Gülnar Əliyeva İçərişəhərdə kafe-restoranların ərazisini süpürür, günün beş saatını işləyir: "Qızım, bekarçılıqdan gəlib işləyirəm. Başımı qatıram ki, vaxt getsin. İşim çətin deyil, yorulmuram. Beş saat nədir ki, onsuz da gedib evdə dincəlirəm".
Süpürgəçi
Gülnar xanım ailə durumunun, dolanışığının normal olduğunu deyir.
Bu küçələrdə digər həmsöhbətimiz Nailə Hüseynova kimi vaxtı ilə öz valideynləri tərəfindən müdafiə olunmayan, cavanlığı və gəncliyini yoldaşının "alkaşlıq" həyatına qurban edərək davamlı olaraq döyülən, təhqir olunan qadınlar da var. Bütün çətinliyə baxmayaraq boşanmadan ayaqları üstə durmağı bacaran, təkbaşına işləyib övladlarını böyüdənlər də var. Nailə xanım "iş insanın cövhəridir" deyərək gördüyü işdən zövq aldığını söyləyir.
Parkda qarşılaşdığımız bağban isə işlərinin çox olduğunu bəhanə gətirərək danışmaqdan imtina edir: "Qızım, çalışıram ki, işimi tez bitirim, gedim, çox soyuqdur, səhhətim də belə havada işləməyə imkan vermir. Amma nə edim, bu yaşımda da işləməliyəm ki, övladlarıma faydam dəysin".
Süpürgəçi
Digər işgüzarlar da danışmağa həvəsli deyillər. Süpürgəçi qadınlar arasında yaşı təxminən 22-25 olan qadınlar üstünlük təşkil edir. Bəlkə də onların uşaqlığı olmayıb, bəlkə də erkən nikahın qurbanı olublar, bəlkə də uşaq evində böyüyüblər. Sussalar da, gözlərinin dərinliklərində böyük bir acının olmasını gizlədə bilmirlər.
İstənilən hava şəraitində onlar evlərinə çörəkpulu aparmaq üçün gərgin iş başındadırlar. Süpürgəçi qadınlar küləkli havada bacardıqları qədər yerdəki zibilləri toplamağa çalışırlar. Bağban yağışda, soyuqda yaşıllıqlara qulluq edir. Beləcə, Bakıda hərə öz işində, gün öz axınında davam edir...