Yola saldığımız həftədə Azərbaycanda baş verən mühüm iqtisadi hadisələri oxucuların diqqətinə çatdırırıq. İlk olaraq bu həftə başlayan büdcə zərfinə daxil olan sənədlərin müzakirəsini qeyd etmək istərdik. Milli Məclisin birgə komitələrində "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Yanvarın 1-dən maaş və pensiyalar artırılacaq
2022-ci ilin dövlət büdcəsi xərclərinin 29 milyard 879 milyon manat məbləğində təklif olunduğunu bildirən maliyyə naziri Samir Şərifov qeyd edib ki, bu, 30 il əvvəl müstəqilliyini bərpa etmiş ölkəmizin müstəqillik tarixində ən böyük büdcəsidir və növbəti il üçün proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 34,5 faizinə bərabərdir. Samir Şərifov deyib ki, büdcədə xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi, 2022-ci ilin yanvarın 1-dən əməkhaqqı və əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması da nəzərdə tutulub.
Minimum aylıq əməkhaqqı artırılır
Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır. Bu, "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Layihəyə görə, minimum aylıq əməkhaqqının və ünvanlı dövlət sosial yardımının artırılmasından sonra ölkədə 1 milyon 600 min nəfər vətəndaşın və onların ailə üzvlərinin sosial rifahı daha da yaxşılaşdırılacaq. Minimum əməkhaqqı sonuncu dəfə 2019-cu ilin sentyabrında 200 manatdan 250 manata qaldırılıb.
Artım ilə bağlı millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında minimum əməkhaqqı ilə bağlı tələblərin həm dövlət, həm də özəl sektor üçün nəzərdə tutulduğunu bildirib: "Minimum əməkhaqqının artırılması həm də o deməkdir ki, özəl sektorda çalışan vətəndaşlarımız da həmin məbləğdən az əməkhaqqı almayacaqlar. Sahibkarlar 300 manatdan az öz işçilərinə əməkhaqqı ödəyə bilməzlər. Bu baxımdan minimum əməkhaqqının artırılması hər iki sektora - dövlət və özəl sektora təsir göstərəcək".
"Bu, eyni zamanda xüsusən də ictimai işlərdə çalışan vətəndaşlarımızın da əməkhaqlarına təsir göstərəcək. İctimai işlərdə çalışan vətəndaşlarımızın böyük qismi minimum əməkhaqqı səviyyəsində maaş alırlar. O baxımdan burada vacib məqamlardan biri məhz həmin şəxslərin də gəlirlərinin artmasıdır. Bu proqramlar dövlət büdcəsindən maliyyələşir. Ona görə də həm dövlət, həm də özəl sektorda çalışan və minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarında artımlar müşahidə olunacaq", - deyə deputat diqqətə çatdırıb.
Ehtiyac meyarı və yaşayış minimumu arasında fərq azaldılır
"Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, ehtiyac meyarı və yaşayış minimumu arasında fərqin azaldılması üçün işlər gedir. Nazir bildirib ki, bu istiqamətdə də addımlar atılır: "2022-ci il üçün bu fərq cəmi 10 manatdır. Nazirlik olaraq hədəfimiz, niyyətimiz və təklifimiz 2023-cü ildə bu rəqəmlərin bərabərləşdirilməsi ilə bağlı olacaq".
Qeyd edək ki, 2022-ci ildə yaşayış minimumunun həddi 210 manat, ehtiyac meyarının həddinin 200 manat olması təklif edilir.
İqtisadi artımın 5%-dən çox olması gözlənilir
"Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, cari ildə iqtisadi artımın 5%-dən çox olması gözlənilir. Nazir bildirib ki, qeyri-neft sektorunda iqtisadi artımın sürətlənməsinə təkan verən amillər mövcuddur: "Cari ilin 9 ayında qeyri-neft sektorunda əlavə dəyər artıb. Son illər hökumət tərəfindən sənaye zonalarının inkişafı üçün siyasət həyata keçirilib.
Son illər sənaye zonalarına əhəmiyyətli investisiya yatırımları olub. Bu günədək ölkədə 510-dan çox investisiya təşviqi sənədi verilib. Dövlət investisiyalarına gəldikdə, 2022-ci ilin ilkin büdcə layihəsində bu istiqamətə əsaslı vəsait qoyulub. Prezidentin şəxsi təşəbbüsü nəticəsində bu sahəyə ayrılan vəsait artırılıb. Bu da investisiyaların həcminin artırılmasına öz təsirini göstərəcək. Cari ilin 10 ayında qeyri-neft ixracının həcmində də artım müşahidə edilib".
Səhiyyə xərcləri
Maliyyə naziri Samir Şərifov deyib ki, 2022-ci ildə dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 789 milyon manat vəsait nəzərdə tutulub. Nazir qeyd edib ki, son 5 ildə səhiyyə üzrə xərclərin ümumdaxili məhsulda payı artıb. Bu sahədə xərclərin məbləği mütləq ifadədə 2,5 dəfə artıb. Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 63 faizi icbari tibbi sığortanın tətbiqinə yönəldilib. Həmçinin gələn il koronavirus pandemiyası ilə mübarizəyə vəsait ayrılması da səhiyyə xərclərində yer alıb.
Diqqətə çatdırılıb ki, növbəti ilin büdcə gəlirləri 26 milyard 816 milyon manat təşkil edəcək. Bu gəlirlərin Dövlət Vergi Xidməti tərəfindən 8 milyard 820 milyon manat, Gömrük Komitəsinin xətti ilə 4 milyard 260 milyon manat daxilolmalar nəticəsində təmin edilməsi nəzərdə tutulur. Büdcədən kənar gəlirlər 760 milyon manat, digər daxilolmalar isə 260 milyon manat məbləğində proqnozlaşdırılır. Eyni zamanda, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfer 12 milyard 710 milyon manat məbləğində nəzərdə tutulub. İcmal büdcənin gəlirləri 27 milyard 677 milyon manat, icmal büdcənin xərcləri isə 32 milyard 906 milyon manat məbləğində nəzərdə tutulub.
Qeyd edək ki, büdcə zərfinə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri və s. daxildir.
Gələn il müdafiə xərclərində 404 milyon manat artım nəzərdə tutulub
S.Şərifov qeyd edib ki, büdcədə prioritet istiqamətlərdən biri azad edilmiş ərazilərin bərpa və yenidən qurulmasıdır. Ötən dövrdə Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, Zəfər yolu açılıb: "Növbəti ildə bu məqsədlə 2,2 milyard manat ayrılması nəzərdə tutulub. Eyni zamanda geosiyasi proseslər nəzərə alınmaqla, Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin yüksəldilməsi, işğaldan azad olunmuş ərazilərdə hərbi hissələrin yerləşdirilməsi büdcədə prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Ümumilikdə isə müdafiə xərclərində 404 milyon manat artım nəzərdə tutulub".
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmini üçün 456 milyon manat ayrılacaq
Aqrar sahədə aparılan islahat tədbirlərinə uyğun olaraq işğaldan azad olunmuş ərazilər üzrə yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı tələb olunan əlavə xərclər də nəzərə alınmaqla Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 456,0 milyon manat məbləğində vəsait proqnozlaşdırılır. Bu da 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 45,4 milyon manat və ya 11,0 faiz çoxdur.
Həmin vəsait hesabına fermerlərə kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən əkin, tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə əkin subsidiyasına əlavə olaraq verilən məhsul, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən toxum, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər bir sağlam buzova görə verilən heyvan, hər arı ailəsinə (pətəyə) görə verilən arı, ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə verilən barama subsidiyalarının, habelə lizinqə verilən və lizinq yolu ilə satılan texnikalara, suvarma sistemləri dəstinə və damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi, kənd təsərrüfatı sahəsində digər tədbirlərin maliyyələşdirilməsi proqnozlaşdırılır.
Müştərək aqrar sığorta fəaliyyəti üzrə sığorta haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi məqsədilə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə 3,2 milyon manat, kənd təsərrüfatı məqsədilə yetişdirilən və saxlanılan heyvanların sığortası üzrə 2,2 milyon manat məbləğində olmaqla toplam olaraq 5,4 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
2022-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üzrə 997,3 milyon manat məbləğində vəsait nəzərdə tutulmuşdur ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 54,3 milyon manat və ya 5,8 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə135,1 milyon manat və ya 15,7 faiz çoxdur.
Pensiyaçıların sayı azalacaq
Azərbaycanda pensiyaçıların sayı üzrə 2022-ci və 2023-cü ilin əvvəllərinə tərtib edilmiş proqnoz göstəricilərinə əsasən, əvvəlki illərdə olduğu kimi, növbəti ildə də pensiyaçıların sayında azalma baş verəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Hesablama Palatasının "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi layihəsinə rəy"ində əksini tapıb.
Rəydə qeyd edilib ki, təqdim edilmiş proqnoz göstəricilərinə əsasən, cari ilin sonunda pensiyaçıların sayı ilin əvvəli ilə müqayisədə 26,5 min nəfər azalacaq ki, bu da yaşa görə pensiya ilə təmin ediləcək şəxslərin sayının 10,1 min nəfər, əlilliyə görə pensiya ilə təmin olunacaq şəxslərin sayının 19,6 min nəfər azalması, ailə başçısını itirməyə görə pensiya ilə təmin olunacaq şəxslərin sayının isə 3,2 min nəfər artması hesabına baş verəcək.
"Pensiyaçıların sayı yeni təyin edilmiş və müxtəlif səbəblərdən pensiya təyinatı dayandırılmış şəxslərin sayından asılı olaraq dəyişən göstəricidir. 2017-ci ilin iyul ayından başlayaraq pensiya təminatına dair müvafiq qanunvericilik aktında edilmiş, pensiya təminatı sisteminin sığorta prinsiplərinə uyğunlaşdırılması və eyni zamanda Fondun maliyyə dayanıqlılığının möhkəmləndirilməsi məqsədi daşıyan əlavə və dəyişikliklər nəticəsində yeni pensiya təyin edilmiş şəxslərin sayı müxtəlif səbəblərdən pensiya təminatı sistemindən çıxmış şəxslərin sayından az olub ki, bu da öz növbəsində ümumi pensiyaçıların sayının azalmasını şərtləndirib. Pensiya yaşının artırılması ilə bağlı islahatlar yalnız müvafiq dövr üzrə olmaqla yaşa görə yeni təyin edilmiş pensiya işlərinin sayının azalmasına səbəb olsa da, ümumilikdə pensiyaçıların sayının kəskin azalmasına bu amillə yanaşı, pensiya kapitalı və ya sığorta stajına görə müəyyən edilmiş tələblər təsir göstərib", - rəydə deyilir.
Yaşa görə əmək pensiyasının 375 manata qalxması gözlənilir
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, icmal büdcənin tərkib hissəsi kimi həm Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, eyni zamanda İşsizlikdən sığorta fondunun büdcəsi Milli Məclisə təqdim olunub. Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 5 milyard 307 milyon manat və ya cari illə müqayisədə 161 milyon manat artıq proqnozlaşdırılıb. Bu artımın sektorlar üzrə bölgüsündə xüsusilə məcburi dövlət sosial sığorta haqları üzrə ciddi artımlar müşahidə olunur. 18 faizlik artım proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 645 milyon manat artıq deməkdir. Bunun büdcə təşkilatları üzrə artım 364 milyon manat və ya 27 faiz, qeyri-büdcə təşkilatları üzrə isə artım 13 faiz və ya 282 milyon manat olaraq proqnozlaşdırılır. Eyni zamanda, məcburi dövlət sosial sığorta haqlarının artımından irəli gələrək dövlət öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən edilən transferin məbləği də 486 milyon manat azaldılır.
Nazirin verdiyi məlumata görə, beləliklə gələn il Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 80 faizi sosial sığorta haqları hesabına formalaşacaq ki, bu da Fondun maliyyə müstəqillliyinin təmin olunmasında və DSMF tərəfindən islahatların həyata keçirilməsində çox önəmli amildir.
Sahil Babayev deyib ki, əlavə ödənişlərin qarşısının tam şəkildə alınması üçün Dövlət Sosial Müdafiə Fondu tərəfindən ardıcıl olaraq xərclərin də monitorinqi həyata keçirilir. Növbəti ilin xərcləri cari ilin xərclərindən 3,1 faiz artıq olmaqla 161 milyon manat artımı olmaqla, 5 milyard 307 milyon manat məbləğində qiymətləndirilir. Bunun 4 milyard 951 milyon manatı əmək pensiyaları üzrə, 182 milyon manatı məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər üzrə planlaşdırılır.
Bildirilib ki, sosialyönümlü siyasət nəticəsində gələn il orta pensiyanın aylıq məbləğinin artaraq 345 manata çatması, yaşa görə əmək pensiyasının isə 358 manatdan 375 manata qalxması gözlənilir. Növbəti ildə 16 min 500 ailədə kiçik mikrotəsərrüfatların yaradılması planlaşdırılır.
Azərbaycan məhsulları Çində Beynəlxalq Sərgidə
Çinin Şanxay şəhərində 4-cü Beynəlxalq İdxal Sərgisi keçirilib. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə 15 Azərbaycan şirkətinin istehsal etdiyi məhsullar vahid ölkə stendi ilə Azərbaycan pavilyonunda nümayiş olunub.
Pavilyonda təqdim olunan nar şirəsi, şərab və digər spirtli içkilər, mineral sular, un və qənnadı məmulatları, limonad, gül yağları və digər məhsullarımız sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, məhsul ixracına dair müzakirələr aparıb.
Sərgi çərçivəsində “Kəmər və yol” ölkələri və yerli hökumətlər arasında ikitərəfli əməkdaşlıq mövzusunda keçirilmiş konfransda Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizin biznes və investisiya imkanları barədə təqdimatla çıxış edib.
Ölkəmiz 2050-ci ilədək istixana qazı emissiyalarının 40 faizədək azaldılması ilə bağlı əlavə könüllü öhdəlik götürüb
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” mövzusuna həsr olunmuş “Dubay Ekspo 2020” ümumdünya sərgisi çərçivəsində Energetika Nazirliyi tərəfindən bərpa olunan enerji sahəsinə dair konfrans təşkil olunub. Azərbaycanda “yaşıl enerji” sahəsinə xarici sərmayələrin cəlb edilməsi məqsədilə keçirilən bu tədbirdə sərgidə iştirak edən investorlara ölkəmizin bərpa olunan enerji potensialı, sahə üzrə strateji hədəflər, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlər, özəl sektorla əməkdaşlıq üçün yaradılmış imkanlar haqqında məlumat verilib.
Tədbirdə energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, enerji və ekoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı çağırışların enerji sektorunu təxirəsalınmaz dəyişikliklərlə üz-üzə qoyduğu bu dövrdə dövlət və özəl sektoru, maliyyə institutlarını, beynəlxalq təşkilatları və digər maraqlı tərəfləri əhatə edən çoxtərəfli əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Nazir müavini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Sessiyasında ölkəmizin yeni hədəflə çıxış edərək, 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 faizədək azaldılması ilə bağlı əlavə könüllü öhdəlik götürdüyü haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aydın, uzunmüddətli dayanıqlı inkişafa əsaslanan baxışlarını əks etdirən strateji hədəflərin sırasında ölkəmizin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə bərpa olunan enerjinin payının növbəti onillik ərzində 30%-ə çatdırılmasının da yer aldığını bildirib. Qeyd edilib ki, 1500 meqavatlıq yeni istehsal güclərinin istismara verilməsini nəzərdə tutan bu hədəfə nail olmaq üçün müəyyənləşdirilmiş əsas prioritetlərdən biri bu sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlbidir.
Daha sonra Energetika Nazirliyinin əməkdaşları tərəfindən ölkəmizdə “yaşıl elektrik enerjisi” istehsalının təşviq edilməsi üçün dəstək mexanizmləri, investisiyaların cəlbinə hesablanmış normativ sənədlər, yaxın gələcəkdə təşkil edilməsi nəzərdə tutulan bərpa olunan enerji hərracları haqqında məlumatlara dair video və təqdimat nümayiş etdirilib.
Erməni işğalından azad edilmiş ərazilərimizin “yaşıl enerji zonası” elan edildiyi, Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə bu zonanın yaradılması üzrə müfəssəl Konsepsiya layihəsinin hazırlandığı və müvafiq Baş Planın hazırlanmaqda olduğu diqqətə çatdırılıb. Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji”dən maksimum istifadə hədəfləri və planlarının özəl sektorla əməkdaşlıq üçün açılan imkanları daha da genişləndirdiyi bildirilib.
Ümumi daxili məhsul istehsalı artıb
2021-ci ilin yanvar-oktyabr aylarında ölkədə 71 milyard 589 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çox ümumi daxili məhsul istehsal olunub.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz, qeyri neft-qaz sektorunda isə 5,9 faiz artıb.
ÜDM istehsalının 40,8 faizi sənaye, 10,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,9 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 7148,0 manata bərabər olub.
Azərbaycanda illik inflyasiya 6%-ə yaxınlaşıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 105,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,7%, qeyri-ərzaq məhsulları üzrə 104,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105% təşkil edib.
Məlumata görə, okyabr ayında isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 101,6%, ötən ilin oktyabr ayına nisbətən 110% olub. O cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 102,8%, ötən ilin oktyabr ayına nisbətən isə 113,1% təşkil edib.
Samir Şərifov qiymət artımının səbəbləri barədə
Maliyyə naziri Samir Şərifov deyib ki, pandemiyadan sonra dünya iqtisadiyyatında bərpa prosesləri qeyri-bərabər baş verir. Bunun nəticəsində müəyyən logistika zənciri vaxtilə qırılıb. Onun bərpası gözləniləndən ləng getməkdədir. Bu da nəticə etibarilə bir sıra əmtəənin istehlakçılara təqdim edilməsində problemlər yaradıb. Bu isə qiymətlərin artımına gətirib çıxarıb.
Nazir bildirib ki, Azərbaycan iqtisadiyyatı da bu proseslərdən tam qorunmayıb. Buna görə də Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Bu təsirlərin yumşaldılması məqsədilə dövlətimizin başçısı tərəfindən xüsusi tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.
"Gələn ildən müavinət, pensiya və təqaüdlərin artması, eyni zamanda, dünya miqyasında postpandemiya dövrünə təsadüf edən qiymət artımı ilə bağlıdır", - deyə o əlavə edib.