BAKI, 13 noyabr — Sputnik. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının əsası 1931-ci ildə Molla Ağa Bəbirli tərəfindən qoyulub. Bu teatrın ilk tamaşası 1932-ci ildə ("Sirk" adlı tamaşa) göstərilib. Bu il yaranmasının 90 ili tamam olan Azərbaycan Dövlət Kukla Teatrının pərdəarxası məqamları göstərmək üçün sözüngedən sənət məbədində olduq. Sputnik Azərbaycan ağır və şöhrət vəd etməyən, sənətə xidmət edən, fədai deyə biləcəyimiz insanları sizə təqdim edir.
Teatrın sexində baş rəssam İqbal Əliyevlə həmsöhbət olduq. Rəssam Kukla Teatrının özünəməxsus muzeyinin olmasını istəyir. Amma hazırkı şərait bunu mümkünsüz edir:
"Bizim köhnə kuklalarımız var ki, onlar artıq istismar dövrünü başa vurub. Biz onları məcburən kukla sexində saxlayırıq. Yaxşı olar ki, teatrımızın muzeyi olsun, o kuklalar da orada yerləşdirilsin".
İqbal bəy qeyd edir ki, kukla janrının texniki baxımdan bütün növləri teatrda var: "Yaradıcı adamlar heç vaxt problemləri qabartmırlar. Biz o problemin içindən çıxa bilirik. Hazırda Azərbaycanda kuklaların hazırlanması üçün lazım olan bütün avadanlıqlar, məmulatlar var. Hazırda biz tamaşaçının 50%-i ilə işləyirik."
Dünyanın bir çox ölkələrində qastrol səfərlərində olduğunu deyən rəssam bildirir ki, getdiyi ölkələrdə həmkarları iş prinsiplərini sirr saxlayırlar:
"Biz bir ölkəyə gedən kimi çalışırıq onların "yaradıcı mətbəxinə" qaçaq. Amma nədənsə xarici ölkələrdəki Kukla teatrlarında qəribə qısqanclıq olur. Onlar istəmirlər ki, onların sexinə girək. Mən çox can atırdım ki, girim, onların iş prinsipəri ilə tanış olum, razı olmadılar. Amma biz kim gəlirsə, onlara qapılarımızı açırıq".
Kukla Teatrının Truppa müdiri Elxan İsmayılov isə bildirir ki, Mədəniyyət və İncəsənət Universitetində heç vaxt bu sahə üzrə ixtisaslı karlar yetişdirilməyib. Fərqli-fərqli ixtisaslarda oxuyan tələbələr – kino aktyorları, teatr aktyorları, estrada aktyorları və digər ixtiaslar üzrə təhsil alan tələbələr Kukla teatrına gələndən sonra bu sahə üzrə ixtisaslaşıblar:
"Biz həmin aktyorları köməkçi heyət kimi işə götürürük ki, onlar əvvəlcə bu peşənin içərisində püxtələşsinlər. Kukla teatrında işləmək çox çətindir. Bəzən gənc aktyorlar buna tab gətirə bilmirlər. Səhnəyə gələn aktyor istəyir ki, tez bir zamanda tanınsın. Kukla teatrının aktyorunun isə üzü görünmür. Onun üzünə niqab taxılır".
Elxan bəy bildirir ki, Kukla teatrının aktyoru ilə digər teatrının aktyorlarının oyun texnikasında fərqlər var: "Bizdə belədir: Sən oynamamalısan, kukla oynamalıdır, kuklaya can verməlisən. Bu, hər adamın bacardığı iş deyil. Sən donmalısan, kuklanı oynatmalısan, oynayan sənin səsin olur. Aktyorların ömrü gedir püxtələşənə qədər, onlar püxtələşdikcə, kuklalara ömür verirlər. Ona görə də Mədəniyyət və İncəsənət Universiteti bu sahə üzrə mütləq ixtisas açılmalıdır".
Ömrünün böyük bir hissəsini bu teatra həsr edən, Əməkdar artist Rəhman Rəhmanovla da həmsöhbət olduq. Teatrın aparıcı səhnə ustası 1974-cü ildən Kukla teatrında çalışır:
"Kukla teatrının 90 ilinin yarıdan çoxunda mən çalışmışam. 48 ildir bu teatrdayam. Kuklayla işləmək çox ağırdır. Digər teatrlardan fərqli olaraq, kukla teatrında oynayan aktyordan ikiqat zəhmət tələb olunur. Onlar öz bacarıqlarını, canını kuklaya verirlər. Hər aktyor bu zəhmətə qatlaşa bilmir, dözməyib buranı tərk edib. Aktyor elə oynamaldır ki, uşaqları inandıra bilsin. Uşaqlar inanmalıdırlar ki, o kukla deyil, canlıdır, personajdır. İndiki uşaqlar əvvəlki dövrün uşaqlarından daha çox bilir. Onları heç cür aldatmaq olmur".
Rəhman müəllim deyir ki, özünün də bu teatrdan yorulduğu, çıxıb getmək istədiyi vaxtlar olub. Amma sonradan fikrindən daşınıb.
"Cavan vaxtı bir neçə dəfə dedim ki, artıq dözmürəm. Amma sonralar dedim, "ölənəcən mən bu teatrda işləyəcəyəm". Rəhmətlik Yaşar Nuri bir dəfə mənə dedi ki, "Rəhman, sən ikiqat aktyorsan. Biz təkcə özümüz çıxırıq səhnəyə - canımız və səsimizlə. Amma sən həm özünü, həm də daxilində olanı kuklaya ötürürsən". Mən də mərhum aktyorumuzun sözünə qüvvət olaraq deyirəm ki, bu sənətlə məşğul olanlar ikiqat aktyordular və onlar ömürlərini bu sənətə həsr edirlər".
Onun sözlərinə görə, Kukla teatrı həm də özlüyündə bir universitetdir. Başqa teatrlarda işləyən aktyorlar Mədəniyyət və İncəsən Universitetini bitirənə qədər səhnəyə çıxırlar, tamaşada oynayırlar, səhnədən anlayışları olur. Amma Kukla teatrına gələn aktyor buradakı aktyorlardan, yaşlı nəslin nümayəndələrindən öyrənirlər. Ondan sonra səhnəyə addım atırlar. Bu mənada onlardan çox böyük zəhmət tələb olunur.
Teatrın quruluşçu rejissoru Anar Məmmədovla da məşq prosesi vaxtı həmsöhbət olmağa çalışdıq. Rejissor bildirir ki, pandemiyadan sonra teatrda nümayiş olunan hər tamaşa anşlaqla keçir:
"Pandemiyadan sonra hiss etdim ki, aktyorlar daha da həvəsli olublar. Tamaşaçı axını da hiss olunur. Hər tamaşamız anşlaqla keçir. Hiss olunur ki, yaradıcı heyətlə bərabər, tamaşaçılar da teatr üçün darıxıblar. Yeni repertuarla yanaşı, köhnə repertuara da müraciət olunur. Məsələn, "Göyçək Fatma" nağılı əsasında qurulmuş tamaşa uzun illər qoyulmağına baxmayaraq, tamaşaçılar tərəfindən hələ də arzu edilir. Biz də o nağılı yeni versiyada təqdim edirik".