BAKI, 13 noyabr - Sputnik. Gələn il Milli Məclisin deputatlarının əməkhaqqı üçün ayrılan vəsait məlum olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu, “Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, bu istiqamətə 5 382 624 manat ayrılıb.
Ümumilikdə Milli Məclisin və onun aparatının 2022-ci il üçün xərclər smetası 42 036 822 manat vəsait ayrılıb.
Qeyd edək ki, Milli Məclisin birgə komitələrində "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Yanvarın 1-dən maaş və pensiyalar artırılacaq
2022-ci ilin dövlət büdcəsi xərclərinin 29 milyard 879 milyon manat məbləğində təklif olunduğunu bildirən maliyyə naziri Samir Şərifov qeyd edib ki, bu, 30 il əvvəl müstəqilliyini bərpa etmiş ölkəmizin müstəqillik tarixində ən böyük büdcəsidir və növbəti il üçün proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 34,5 faizinə bərabərdir. Samir Şərifov deyib ki, büdcədə xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi, 2022-ci ilin yanvarın 1-dən əməkhaqqı və əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması da nəzərdə tutulub.
Minimum aylıq əməkhaqqı artırılır
Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır. Bu, "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Layihəyə görə, minimum aylıq əməkhaqqının və ünvanlı dövlət sosial yardımının artırılmasından sonra ölkədə 1 milyon 600 min nəfər vətəndaşın və onların ailə üzvlərinin sosial rifahı daha da yaxşılaşdırılacaq. Minimum əməkhaqqı sonuncu dəfə 2019-cu ilin sentyabrında 200 manatdan 250 manata qaldırılıb.