AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bu il Azərbaycanın ümumi daxili məhsulu 5%-dək artacaq - "Fitch Ratings"

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (IDR) sabit proqnozla “BB+” səviyyəsində təsdiqləyib.
Sputnik
BAKI, 13 noyabr - Sputnik. "Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 4,9 % artacağını proqnozlaşdırır.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə "Fitch Ratings" məlumat yayıb.
Bildirilir ki, bərpa, ötən il baş verən 4,3 %-lik kiçilmədən sonra, qeyri-neft sektorundakı bərpa və peyvəndin tətbiqinin genişlənməsi ilə (hazırda 100 nəfərə 97 doza) dəstəklənir.
"Azərbaycanın iqtisadi artımının gələn il 2,9 %, 2023-cü ildə isə 2,3 %-ə enəcəyini gözləyirik ki, bu da, gələn il baza effektlərini və enerji hasilatındakı durğunluğu əks etdirəcək", - "Fitch" bildirir.
Qeyd edək ki, “Fitch Solutions” şirkətinin (“Fitch Group”a daxildir) oktyabr proqnozlarına görə, 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 2,5 % səviyyəsində gözlənilirdi.
“Fitch Solutions”ın qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanda ÜDM-in artım tempi 3,3 %-dək sürətlənəcəyi proqnozlaşdırılırdı.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2021-ci ildə ÜDM-in 5,1 %-ə qədər artacağı gözlənilir.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən tətbiq edilən məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması ilə əlaqədar 4,3 % azalıb.
Qeyd edək ki, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (IDR) sabit proqnozla “BB+” səviyyəsində təsdiqləyib.