MƏDƏNİYYƏT

Yeddi milyon manat azdır - deputatlardan xahiş

Deputat həmçinin qeyd edib ki, Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlərin keçirilməsi üçün daha çox vəsait ayrılmasına ehtiyac var.
Sputnik
BAKI, 12 noyabr — Sputnik. "Mədəniyyət nümayəndələrinin bir sıra təklifləri var ki, bunun büdcədə nəzərə alınmasını xahiş edirik".
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Komitə sədri bildirib ki, kino sahəsinə dəstəyin artırılmasına çox böyük ehtiyac duyulur: "Bizim tariximizlə bağlı yüksək səviyyəli kinoların, serialların çəkilməsinə, dünyaya çatdırılmasına ehtiyac var. Bu sahəyə ayrılan 7 milyon manat çox azdır.
Osman Sınav Azərbaycana gəlmişdi, Azərbaycan və Türkiyə tarixindən bəhs edən film çəkməyi təklif etdi. Büdcəsinin yarısını Türkiyə tərəfi qarşılayırdı. Bizim payımıza düşənə baxanda isə gördük ki, bu bizim kinoya ümumi ayrılan puldan çoxdur. Digər tərəfdən, dünyada mədəniyyətimizi təmsil edən insanların əsas problemi evlə bağlıdır. Mədəniyyətdə müəyyən sahələrdə xidmətləri olan insanların güzəştli ipotekadan yararlanmasına şərait yaradılsın".
Deputat qeyd edib ki, Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlərin keçirilməsi üçün daha çox vəsait ayrılmasına ehtiyac var.
Q.Paşayeva bildirib ki, bu il Aşıq Ələsgərin 200 illiyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb: "Mədəniyyət nümayəndələri Aşıq Ələsgərin heykəlinin qoyulmasını xahiş edirlər. Belə bir abidə onun 200 illik yubileyinə yaxşı olardı".
Q.Paşayeva Tovuzdakı tarixi Göytəpə abidəsinə də diqqət ayrılmasını xahiş edib.