Kamran Seyfullazadə 1999-cu il yanvarın 14-də Astara şəhərində anadan olub. 2016-cı ildə Ağdamda quru qoşunlarında kəşfiyyatçı kimi hərbi xidmət keçib.
Bacısı Samirə Seyfullazadə Sputnik Azərbaycan-a verdiyi müsahibədə bildirib ki, qardaşı müharibənin başladığı ilk günlərdə könüllü olaraq cəbhəyə yollanıb.
"Qardaşım zəng edib dedi: "Mən döyüşə gedirəm, bacardığım qədər əlaqə saxlayacağam. Mənim üçün narahat olmayın, dua edin". Torpaqların geri qaytarılacağına inanırdı, qələbə ilə qayıdacağını deyirdi. Torpaqlarımızın geri qayıtmasında qardaşımın da xidmətinin olması mənə xüsusilə xoş idi", - deyə Samirə Seyfullazadə müsahibəsində bildirib.
Yoldaşları arasında kəşfiyyatçıya "Canavar" deyirdilər. Kamran baş leytenant Babək Allahverdiyevin komandanlığı ilə növbəti döyüşə girib və birlikdə həlak olublar. "Canavar" ləqəbini ona Allahverdiyev verib. Onlar Şuşa şəhərinə hücum zamanı düşmən qüvvələri ilə əlbəyaxa döyüşə girərkən həlak olublar.
Kamran Seyfullazadə ölümündən sonra Ali Baş Komandan tərəfindən yeddi medalla təltif edilib.