MƏDƏNİYYƏT

Əli İsa Cabbarov: "Prodüser bir çamadan pulu olan yox, ideyası olan adamdır"

Əli İsa Cabbarovun fikrincə, əgər rejissor öz istədiyini çəkmək istəyirsə, az büdcə ilə film çəksin, ya da elə adam tapsın ki, o adam onun istədiyi filmə pul versin.
Sputnik
BAKI, 12 noyabr — Sputnik. Sovet dönəmində "film direktoru", "bədii rəhbər" adlandırılan şəxs bu gün "prodüser" sözü ilə əvəz olunub. Kinoprodüser filmin maliyyə, təşkilati məsələlərinə, çəkiliş prosesinə, yaradıcı və texniki kadrların seçiminə nəzarət edən şəxsdir. O, həm də, istehsal üçün nəzərdə tutulmuş vəsaitə və çəkilişlərin davametmə müddətinə cavabdehdir.
Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli Isa Cabbarovla Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində bu məsələni müzakirə edilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov
Bir çox filmlərin rejissoru və prodüseri olan Cabbarovun fikrincə, Azərbaycanda səhv bir təsəvvür var ki, prodüser bir çamadan pulu olan adamdır. Halbuki prodüser bir çamadan pulu olan yox, ideyası olan adamdır. İdeya ətrafında kollektivi toplayıb, onun üçün pul tapan adamdır. Təəssüf ki, bizdə hələlik bu, strukturlaşmayıb:
"Bizim hətta Prodüser Gildiyamız da var. İlk addım atılıb, davamı gec də olsa gələcək. Kinoda gedən proseslərə prodüserlər təsir edir. Məsələn, kommersiya bazarını yaradan filmlərdən biri olan "Xoxan" prodüser təşəbbüsündən yaranan filmdir. Prodüser Orxan Mərdan bu təşəbbüsü irəli sürüb, komandanı yığıb və filmi ərsəyə gətirib. Bundan başqa, Teymur Hacıyevin filmləri də beynəlxalq festivallarda iştirak edir. Hansı ki, Teymur Hacıyev əvvəllər biznes sektorunda çalışırdı, sonradan kinoya keçdi. Prodüserin fəaliyyəti həm də biznes fəaliyyətidir. Yəni, hər iki janrda təşəbbüs göstərən prodüserlər uğur əldə edə bilirlər".
Bəzi rejissorlar Mədəniyyət Nazirliyinin sifarişi ilə filmlər çəkib, sonradan gileylənirlər ki, nazirlik müəyyən senzuralar qoyur. Bu balansı qorumaq üçün rejissorlar hansı addımı atmalıdır?
Əli İsa Cabbarovun sözlərinə görə, senzura anlaşı bütün sahələrdə var. "Mosfilm"də də var, Hollivudda da var, BBC-də də. Mülkiyyətçi özünün maraqlarına cavab verməyən məhsulun istehsalına icazə vermir:
"Hollivud rejissoru Oliver Stoun "Cani doğulmuşlar" adlı film çəkmişdi. Həmin film Amerika cəmiyyətinin sütunlarını darmadağın etmişdi. O filmdən sonra rejissor Hollivudun boykotu ilə üzləşdi. Sadəcə, orada senzura məsələsi yoxdur, "səsləndirilməmiş baykot" var. Orada belədir: əgər ssenaridə "salam Con" yazılıbsa, rejissor meydançada "günaydın Con" deyə bilməz. Bunu dəyişmək üçün bir neçə instansiya icazə verməlidir. Nəyə görə? Çünki ssenarini bir neçə dəfə yoxlayırlar, rəylər alırlar. Sən əgər ssenaridə dəyişiklik edirsənsə, risk eləmiş olursan. Çəkiliş vaxtı rejissorun ağlına dahi bir fikir də gəlsə, icazə vermirlər".
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov
İttifaqın katibi bildirir ki, bizdə sifarişçi Mədəniyyət Nazirliyidir. Rejissor nazirlik üçün bir versiya təhvil verib, festivallara göndərmək üçün başqa bir versiyada işləyir. Bu, çox məntiqlidir ki, sifarişçi öz verisyasında, rejissor da öz versiyasında filmi təqdim etsin:
"Məşhur bir deyim var: ""Pulu kim verirsə, musiqini də o sifariş edir". Senzura məsələsinə soyuqqanlı, savadlı, düşünərək yanaşmaq lazımdır. Hamının öz maraqları var. Rejissor bunu başa düşməlidir. Məsələn, Mixail Kalatozovun "Durnalar uçur" filmində belə bir səhnə var. Müharibə bitir, qadın öz sevgilisini qarşılamağa çıxır. Ümid edir ki, sevgilisi qayıdacaq, amma o, şəhid olub. Həmin filmin çəkilişlərində rejissor və ssenarist fikirləşir ki, bütün əsgərlər gəlsin, ən arxada ruh gəlsin. Sən demə, həmin əsgər sağ imiş. O vaxt senzura məsələsi yox idi, bu məsələyə nəzarət edən redaktor idi. Ssenarist və rejissor redaktorun yanına gəlib fikirlərini bildirirlər. Redaktor buna icazə vermir. Bir növ redaktor filmi xilas edir. Onların dediklərini çəksəydilər, şedevr olmayacaqdı, bayağı bir film olacaqdı".
Müsahibimiz bildirir ki, əgər rejissor öz istədiyini çəkmək istəyirsə, az büdcə ilə film çəksin. Ya da elə adam tapsın ki, o adam onun istədiyi filmə pul versin:
"Sən həm istədiyini çək, həm də yaxşı qanorar al, bu, mümkünsüzdür. Sən azad film çəkmək istəyirsənsə, qonorardan da imtina etməlisən, az büdcə ilə film çəkməlisən. Bunu rejissorlar faciələşdirməsinlər. Bu, hər yerdə belədir. Rejissorun özünün də operator üzərində senzurası olur. Operatorun da rəssam üzərində senzurası olur. Rejissor özündə güc tapıb bunu adlamağı bacarmalıdır".
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov
"Həm pul, həm də azad sənət olmur. Bu yalnız o zaman ola bilər ki, sən artıq o qədər nüfuz və pul qazanırsan ki, sənətdə azad addım ata bilirsən", - deyir Cabbarov. O, fikrini belə əsaslandırır:
"Tutaq ki, siz bir nəfəri sevirsiniz, kasıbdır. Atanız sizin varlı bir adamla ailə qurmanızı istəyir. Siz varlı adamla evlənsəniz, bahalı bir toy edəcəksizin, amma ruhən rahat olmayacaqsız. Amma kasıb sevdiyinizlə ailə qursanız, ömürlük xoşbəxt olacaqsız. Hilal Baydarovu misal çəkə bilərəm. Hilal Baydarov kasıbdır, amma öz "sevgilisi" ilə xoşbəxt olan bir bəydir. Çünki o, heç kimdən asılı deyil. Minimal, öz xərcləri ilə filmini çəkir, çəkəndən sonra dünya səviyyəsinə çıxarır. O, bədahətən işləyən adamdır, hansısa qanunlarla işləyə bilməz. Mən əminəm ki, bu gün Baydarova bir çamadan pul təklif etsək, qəbul etməyəcək. Bilir ki, pulu qəbul etsə, yaradıcı azadlığı əlindən alınacaq. Amma prodüser bədahətən işləyən rejissoru sevmir. O, planlı şəkildə işləməyi sevir".
Həmsöhbətimiz bildirir ki, bu gün Azərbaycan kinosu komediyadan asılıdır. Komediya orqanik olaraq melodrama keçməlidir. Azərbaycan kinematoqrafçıları bayağı da olsa, güldürməyi öyrədib. İndi ağlatmalıdır, sonra düşündürməlidir. Gülməkdən ağlamağa keçid alınmır. Çünki, gülüşü qeyri-peşəkarlıqla əldə etmək olar, amma ağlatmağı qeyri-peşəkarlıqla əldə etmək olmur:
"İki dəfə cəhd olunub, amma alınmayıb. Çünki, keyfiyyətli ssenari yoxdur. Seriallarda bu alınır, müəyyən mövsümdə zərərlə işləyirlər, amma sonra qazanc əldə edirlər. Tamaşaçıları da əsasən yaşlı insanlar, evdar qadınlar olur".
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov
Müharibə filmlərinin çəkilməsindən söz açan müsahibimiz qeyd edir ki, İkinci Qarabağ müharibəsi ilə bağlı bədii film çəkmək üçün tələsmək lazım deyil. Müharibəni araşdırmaq, insan talelərini öyrənmək lazımdır. Süni, bayağı, boğazdan yuxarı film çəkməyə ehtiyac yoxdur:
"Müharibə haqqında film çəkən adam müharibənin acısını hiss etməlidir. Vacib deyil müharibəyə getsin, əsas odur, onu hiss etsin. Müharibənin acısını çəkən adam pafosla, yüksək səslə danışmır. Müharibənin acısını çəkən insan sakit, öz dərdini yaşaya-yaşaya danışır. Elə etmək lazımdır ki, "klaviatura qəhrəmanları" film çəkməsinlər, onlar ekrana gəlməsinlər".
Telekanal rəhbərlərinin savadsız yanaşması filmlərimizin ekranlara çıxmamasına səbəb olur
Televiziyalarımızın Azərbaycan rejissorlarının filmlərinə olan münasibətinə gəlincə, Cabbarov hesab edir ki, bu, ögeydir. Bu da televiziyaları idarə edənlərin savadsızlığından və reytinqi düşünməsindən irəli gəlir. Televiziyalar tamaşaçını yeni filmə öyrəşdirmək istəmirlər:
"İctimai televiziya və Müşfiq Hətəmov Space-ə rəhbər gələndən sonra, kanal hərdən Azərbaycan rejissorlarının çəkdiyi filmləri ekranda nümayiş etdirir. Təkcə indi yox, 50-60-cı illərdə çəkilmiş onlarla Azərbaycan filmləri var ki, ekran üzünə həsrət qalıb. Məsələn, orta statistik azərbaycanlıdan Rasim Ocaqovu soruşsan, ancaq iki filminin adını çəkər: "Təhminə" və "Ad günü". Halbuki adamın 10-larla filmi var. Bu, Sovet dönəmində qalmış bir sistemdir. Sovet dönəmində bu işə nəzarət edənlərin hansı rejissorla münasibəti var idisə, onun filmini yayımlayırdılar. İndi isə reytinqi düşünürlər. Bilirlər ki, "O olmasın, bu olsun", "Bəyin oğurlanması" göstərilsə, baxılacaq. Lakinb "Bəyin oğurlanması" filminin rejissoru Vaqif Mustafayevin çəkdiyi "Yaramaz" filmi efir üzünə həsrət qalıb. Televiyalar Rejissorlar Gildiyası ilə müqavilə bağlayır. Çox gülünc bir məbləğ ödəyir. Ondan da filmin müəllifinə 30-40 manat pul gəlib çatır. Təəssüf ki, Milli Televizya və Radio şurasının keçmiş rəhbəri bu işdə səhv mövqe nümayiş etdirmişdi. "Bu dövlət filmidir, niyə televiziyalar buna görə pul ödəməlidir?" demişdi. Heç olmasa, təbliğatını aparsınlar, pulunu sonra da verərlər".
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov
Əli İsa Cabbarov sadalanan bütün problemlərin kökünü birliyin olmamasında görür. Rejissorun fikrincə, qələbəni birlikdə qazandığımız kimi, filmlərimizin də uğurlu olması üçün birlik olmalıdır. Çünki kino kooperasiyanı sevir.
Müsahimiz əlavə edir ki, kinonun inkişafı üçün kinoteatrların çoxalması vacibdir. Kinoteatrlar çox olsa, boşluğu doldurmaq üçün mütləq filmlər çəkiləcək:
"Azərbaycan kinosunun illik büdcəsi 6,5 milyondur. Onu 60,5 milyon da etsələr, televiziyaların kinoya olan münasibəti dəyişməsə, Rejissorlar Gildiyasının, Azərbaycan Kinematoqraçılar İttifaqının nüfuzu olmasa, bunun heç bir təsiri olmayacaq. Bu, dünyasını dəyişmiş adama oksigen verməyə bənzəyir".
Cabbarov onun tərəfdarıdır ki, verilən pullar effektiv xərclənsin, rezons yaradacaq filmlər çəkilsin, Azərbaycan və dünya mətbuatı onlardan yazsın. Ondan sonra deyə biləcəklər ki, "baxın, biz 6 manata 10 manatlıq iş ortalığa qoymuşuq. İndi 10 manat verin:
"Yoxsa 6 manata heç bir film çəkməmişik, üstəlik də deyirik ki, 6 manatı 16 manat edin. Mailyyə naziri Samir Şərifov da bildirmişdi ki, biz yenilik görmürük, görmək istəyirik ki, bu pul nəyə xərclənib. O da haqldır. 6 milyona adekvat sayda film istehsal olunmadı. Halbuki Elvin Adıgözəl, Hilal Baydarov filmlər çəkib, onların büdcəsi heç 10 mini keçməyib, amma dünyanın ən nüfuzlu festivallarında iştirak ediblər".