BAKI, 12 noyabr - Sputnik. Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan və Lüksemburq yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu start götürüb.
Oyunun birinci hissəsində hesab açılmayıb. Lakin ikinci hissənin 67-ci dəqiqəsində Jerson Rodrigeşin vurduğu qolla hesab açılıb.
Qarşılaşmanın 78-ci dəqiqəsində isə Lüksemburq futbolçusu Sebastyan Till komandasının növbəti qolunu vurub.
Oyunun 82-ci dəqiqəsində isə Azərbaycan millisinin oyunçusu Azər Salahlı buraxılan qollardan birinin əvəzini çıxıb - 1:2.
Verilmiş əlavə vaxtda qonaqlar top fərqini yenidən artırıblar. Belə ki, 91-ci dəqiqədə Jerson Rodrigeş komandasının 3-cü qolu Azərbaycan yığmasının qapısından keçirib.
Beləliklə Lüksemburq öz meydanında olduğu kimi Bakıda da millimizə qalib gəlib – 3:1.
Evdə keçirdiyi bütün oyunlarda uduzan yığmamız seçmə mərhələni özünə doğmalaşan sonuncu pillədə başa vurub. 1 xal toplayan komandamız AVRO-1996-da imza atdığı antirekordu ötən tsikldəki kimi yenidən təkrarlayıb.
Beləcə, Avropa zonasının A qrupunda mübarizə aparan yığmamız tsikli məğlubiyyətlə qapadıb.
Qeyd edək ki, bugünkü oyun ilk hissədə Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimovun qırmızı kart alaraq meydandan qovulması ilə yadda qalıb.
Belə ki, 26 yaşlı sol cinah müdafiəçisi qonaqların yarımmüdafiəçisi Olivye Tillin bədəninə açıq ayaqla zərbə endirdiyi üçün oyunun 21-ci dəqiqəsində birbaşa qırmızı vərəqə görüb.
Nəticədə Azərbaycan millisi Lüksemburqla qarşılaşmanın ilk hissəsindən etibarən azlıqda oynamalı olub.
Görüşü avstriyalı FIFA referisi Manuel Şüttenqruber idarə edib.