BAKI, 11 noyabr — Sputnik. "Ölkəmizin işğaldan azad edilmiş ərazilərində irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir".
Xarici İşlər Nazirliyindən (XİN) Sputnik Azərbaycan-a verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan müasir şəhərsalma üsulları, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir, bütün bu işləri öz maddi imkanları hesabına görür:
"Dost ölkələrin şirkətlərinin qeyd olunan yenidənqurma işlərində iştirakı bizim üçün önəm kəsb edir. Bu kontekstdə, cari ilin sentyabrında Bakıda, eləcə də Budapeştdə baş tutmuş Türk Şurasının biznes forumları əhəmiyyət kəsb edir".
Nazir qeyd edib ki, əsas çətinlik azad edilmiş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır: "Müharibə bitdikdən bu günə qədər minaların partlaması səbəbindən 33 nəfər həlak olub, 134 nəfər isə yaralanıb.
İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidən qurulması ölkəmizin əsas prioritetlərindəndir, dost ölkələrin şirkətlərinin bu prosesdə yaxından iştirakı önəmlidir".
Qeyd edək ki, VIII Zirvə görüşü sabah İstanbulda keçirilir.
Türk Şurası və ya Türk Gənəşi — 3 oktyabr Naxçıvanda imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında qurulmuş olan beynəlxalq təşkilatdır.
Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Keneşinə üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir.
Təməlləri 1992-ci ildən bu yana müəyyən fasilələrlə toplanan Türkcə Danışan ölkələr Zirvəsinə dayanan şuranın qurumsal mərkəzləri İstanbul (ümumi katiblik), Bakı (parlamentar assambleyası) və Nur-Sultandır (Türk Akademiyası).