HADİSƏ

Üç yüz min manatlıq dələduzluq və "Emin 444"ü öldürənlərin aqibəti necə oldu?

Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə və Ağcabədi Rayon Polis Şöbəsinə məlumat verə bilərlər.
Sputnik
BAKI, 11 noyabr — Sputnik. Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə etməklə külli-miqdarda pulu mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən rayonun Avşar kənd sakini Elyaz Qədimov saxlanılıb.
Araşdırmalarla E.Qədimovun sakinlərə məxsus daşınmaz əmlakları, avtomobilləri, qızıl-zinət əşyalarını, əmək haqqı kartlarını dələduzluq yolu ələ keçirərək 300 000 manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.
"Elyaz Qədimovun analoji cinayətlər törətdiyi də istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə və Ağcabədi Rayon Polis Şöbəsinə məlumat verə bilərlər", - Mətbuat Xidmətindən bildirilib.
Baş prokurorluq kriminal aləmdə məşhur olan şəxsi öldürənlərlə bağlı qərarı şərh edib
Bundan başqa Baş Prokurorluğun Mətbuat Xidməti bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Səfərov Emin Ehtiram oğlunu qəsdən öldürməkdə təqsirləndirilən şəxslərdən biri - Yusifov Zaur Əli oğlunun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət verilməsi ilə bağlı informasiyalara münasibət bildirib.
Bildirilib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 08 oktyabr tarixli hökmü ilə təqsirləndirilən şəxs - Zaur Yusifova Cinayət Məcəlləsinin (CM) 120.2.1 və 120.2.4-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, digər təqsirləndirilən şəxs - Həsən Tağıyev isə CM-in 120.2.4 və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinib qəti olaraq 18 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması və cinayət qanununun normasının düzgün tətbiq edilməməsi əsası ilə dövlət ittihamçısı tərəfindən həmin hökmdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilib.
Qeyd edək ki, qətlə yetirilən Emin Səfərov kriminal aləmdə "Emin 444" kimi tanınıb.