BAKI, 11 noyabr — Sputnik. Türkiyənin yerli, beşinci nəsil qırıcısının istehsalı 2022-ci ildə yekunlaşacaq. Sputnik Azərbaycan "Milliyyət"-ə istinadən xəbər verir ki, bunu Türkiyənin "Türk Havacılık ve Uzay Sanayi AŞ (TUSAŞ)" şirkətinin rəhbəri Temel Kotil bildirib.
Kotil Türkiyənin istehsal edəcəyi qırıcını "F-16"-larla müqayisə edib. Müqayisə nəticəsində Türkiyə istehsalı olacaq beşinci nəsil qırıcıların Amerika istehsalı analoqundan daha güclü olduğu görünür.
"F-16"-nın tək motoru var, bizim qırıcımızın iki. Yerli istehsal olacaq qırıcı görünməz olacaq. "F-16" 1980-cı illərin texnologiyası ilə yaradılıb, bizim təyyarəmiz 2020-ci ilin. "F-35" tək motorludur. Türkiyənin qırıcısı isə ondan 1,5 dəfə güclü olacaq. Qırıcımız "F-22" ilə "F-35" arasında bir qırıcı olacaq", - Kotil bildirib.
O qeyd edib ki, 2028-ci ildə qırıcının kütləvi istehsalına başlanılacaq: "2030-cu ildə isə ildə 24 ədəd istehsal edə biləcəyik".
Qeyd edək ki, ötən həftə Türkiyənin "Türk Havacılık ve Uzay Sanayi AŞ (TUSAŞ)" şirkəti bu ölkənin istehsalı olacaq beşinci nəsil təyyarənin prototipinin ilk detalını istehsal edib.
Şirkət layihə çərçivəsində 2022-ci ilin sonuna qədər hərbi təyyarənin 20 minə qədər detalını yaratmaq niyyətindədir.
Qırıcının prototipinin 18 mart 2023-cü ildə anqardan çıxması planlaşdırılır. Bundan sonra təyyarənin sistemi və mühərrikinin testinə başlanılacaq.
Təyyarənin ilk uçuşunun 2026-cı ildə həyata keçirilməsi planlaşdırılır.