BAKI, 11 noyabr — Sputnik. Sabah İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) dövlət başçılarının VIII Zirvə görüşündə təşkilatın gələcəyi ilə bağlı əhəmiyyətli qərarlar qəbul ediləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Şurası Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasında çıxışı zamanı bildirib.
O vurğulayıb ki, bu il ilk dəfə qardaş Türkmənistanın qatılması ilə ailə fotosunu tamamlayırlar.
"Dəyərli qardaşım Rəşat Meridovun timsalında Türkmənistana xoş gəldin deyirik", - XİN rəhbəri vurğulayıb.
Nazir qeyd edib ki, təşkilatın adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olacaq:
"Bunun vaxtı çoxdan çatmışdı. Üçüncüsü, Ağsaqqallar Şurasının nəzərdən keçirilmiş idarəetmə mexanizmini qəbul edirik. Ağsaqqallarımız öz təcrübələri ilə yolumuzu aydınladacaqlar. Dördüncü olaraq isə müşahidəçi və ortaqlıq statuslarını açıq şəkildə müəyyənləşdirəcəyik. Bundan əlavə, "Türk Vizyonu – 2040" proqramını qəbul edəcəyik".
O, təşkilata üzv dövlətləri beynəlxalq gündəlikdə duran məsələlərlə bağlı daha aktiv olmağa çağırıb.
Qeyd edək ki, VIII Zirvə görüşü sabah İstanbulda keçiriləcək.
Türk Şurası və ya Türk Gənəşi — 3 oktyabr Naxçıvanda imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında qurulmuş olan beynəlxalq təşkilatdır.
Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Keneşinə üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir.
Təməlləri 1992-ci ildən bu yana müəyyən fasilələrlə toplanan Türkcə Danışan ölkələr Zirvəsinə dayanan şuranın qurumsal mərkəzləri İstanbul (ümumi katiblik), Bakı (parlamentar assambleyası) və Nur-Sultandır (Türk Akademiyası).