BAKI, 11 noyabr — Sputnik. Güclü küləyin fəsadları paytaxtda 11 nəfərin xəsarət almasına səbəb olub. Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib. Məlumata görə, paytaxtda küləyin fəsadlarından 11 nəfər (5 kişi, 6 qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan birinə yerində yardım edilib, biri yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.
Qeyd edək ki, dünən axşam saatlarından başlayan külək bu gün gündüz saatlarından başlayaraq tədricən mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, gün ərzində paytaxtda fasilələrlə yağış yağacaq: "Havanın temperaturu 9 dərəcə isti təşkil edəcək. Bölgələrdə yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi yerlərdə qar yağacaq.
G.Məmmədova əlavə edib ki, noyabrın 12-si səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək.