BAKI, 11 noyabr — Sputnik. Noyabrın 9-u saat 17 radələrində Bakı şəhər sakini, 31 yaşlı Natiq Ramazanov aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölüb. Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov "TikTok" sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini 39 yaşlı Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb.
Bu zaman aralarında baş verən mübahisə zamanı Əli Musayev Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb. Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, Natiq Ramazanov əslən Zaqatalanın Zəyəm kəndindəndir. Lakin valideynləri 40 ildir ki, Bakıda yaşayır. Mərhumun atası Akif Ramazanov bildirib ki, hadisə barədə məlumatı polisdən alıb.
Natiq Ramazanov
© Sputnik / Ibrahim Hashimov
"40 ildir Bakıda yaşayırıq, Natiq də orada doğulub. Hadisə baş verən gün 24-cü polis bölməsindən zəng edib dedilər ki, Natiq rəhmətə gedib. Xəstəxanada morqdadır, oradan götürə bilərsiniz. Hadisənin necə baş verdiyini soruşdum. Dedi ki, "Aparıb dəfn edin. Sonra gələrsiniz, burada araşdırarıq".
Akif Ramazanov qeyd edib ki, oğlunun "Tik-Tok"dakı mübahisəyə görə qətlə yetirildiyini sonradan sosial şəbəkələrdən öyrənib.
Natiq Ramazanov
© Sputnik / Ibrahim Hashimov
"Gənclər sosial şəbəkələrdən çox istifadə edir. Qohum uşaqlar var idi. Onlar dedilər ki, feysbukda və xəbər saytlarında yeni məlumat yayılıb. Onlar deyəndə bildim ki, oğlumu "Tik-Tok"deyilən şəbəkədə mübahisə etdiyi şəxs öldürüb. Natiqin artıq-əskik heç bir hərəkəti yox idi. İşinə gedib evinə gələn bir adam idi. Kimləsə mübahisə edən bir insan deyildi, sakit təbiətli idi" – deyə A. Ramazanov əlavə edib.
Natiq Ramazanov
© Sputnik / Ibrahim Hashimov
Mərhumun qohumu İslam Şabanov isə bildirib ki, Natiq Ramazanov hərbi xidmət dövründə kurs keçərək leytenant rütbəsi alıb. Ehtiyata buraxıldıqdan sonra da mülkidə inşaat şirkətində işləməyə başlayıb. Müharibə başlayanda könüllü şəkildə döyüşlərə yollanıb. Müharibədən sonra da əvvəlki yerində işini davam etdirib.
"Ali Baş Komandan əmr verəndə çox sevinirdi. Deyirdi ki, axır torpaqlarımız işğaldan azad ediləcək. Mən də müharibəyə gedib xalqımızın, valideynlərimin üzünü ağ edəcəm. Hadrut, Füzuli, Cəbrayılın işğaldan azad olunmasında iştirak edib. Özü də çox qəhrəmanlıqla döyüşmüşdü. Hətta müharibə bitdikdən sonra gələndə dedi ki, "İslam dayı, gördün, dediyimə əməl elədim, kişi kimi düşməni məhv elədik, torpaqlarımızı da aldıq".
Natiq Ramazanov evlidir və 2 yaşında oğlan övladı var. Dekabr ayında isə ikinci övladı dünyaya gələcək.