TƏHLİL

Odla oynamaq: Qara dənizdə nə baş verir

Moskvada belə hesab edirlər ki, ABŞ və onun müttəfiqlərinin Qara dənizdə, Rusiya sərhədləri yaxınlığında keçirdikləri planlaşdırılmamış hərbi təlimlər regional təhlükəsizliyə təhdid yaradır.
Sputnik
BAKI, 11 noyabr — Sputnik. Rusiyanın Müdafiə Nazirliyi ABŞ və onun NATO üzrə müttəfiqlərinin Qara dənizdə hərbi fəallığının artdığını bəyan edib.
Bir qədər bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin altıncı donanması bildirmişdi ki, "Mount Whitney" flaqman gəmisi Şimalı Atlantika Alyansının qüvvələri ilə birgə əməliyyat keçirmək üçün Qara dənizə tərəf istiqamət götürüb.
Gəminin göyərtəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanma qərargahının, Dəniz Zərbə Qüvvələrinin və NATO dəstək komandanlığının (Naval Striking and Support Forces – STRIKFORNATO) əməkdaşları olub.
"Rusiya Müdafiə Nazirliyi Qara dəniz regionunda ABŞ və onun NATO üzrə müttəfiqlərinin hərbi aktivliyinin artdığını qeydə alıb", – deyə qurumun məlumatında bildirilir.
O da qeyd olunur ki, ilk növbədə hərbi dəniz qüvvələri, hava və dəniz vasitələri, eləcə də, strateji aviasiyanın intensivliyi artıb.
Sutka ərzində RF zenit raket qoşunları Qara dənizdə NATO-nun dörd kəşfiyyat təyyarəsini müşahidə ediblər. U-2S, RS-135 kəşfiyyat və P-8A "Poseidon" patrul təyyarələri Qara dənizin şimal-qərb və mərkəzi hissələrində uçuşlar həyata keçiriblər.
Bundan başqa, saat 12-dən 15-ə qədər Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus RC-135 kəşfiyyat təyyarəsi Krım yarımadasının cənub-qərb hissəsində Rusiya Federasiyasının dövlət sərhədinə yaxınlaşmağa cəhd edib.
Onun hərəkətlərini izləmək məqsədilə Rusiya Aerokosmik Qüvvələrinin Su-30 qırıcısı havaya qaldırılıb. O RF sərhədindən 30 kilometr uzaqlıda Britaniya təyyarəsinə yaxınlaşıb və bundan sonra ingilis kəşfiyyat təyyarəsi kursunu dəyişərək Rusiya sərhədindən uzaqlaşıb.
Putin real vaxt rejimində vəziyyəti izləyir
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Vladimir Putin ABŞ-ın qara dənizdəki hərəkətləri fonunda vəziyyəti izləyir və baş verənlərə görə narahatdır.
"Bəli, bu mövzu onu narahat edir və o artıq bu barədə danışıb", – deyə Peskov ABŞ-ın Qara dənizdəki hərəkətlərinin Putin üçün narahatlıq predmeti olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
"Bilirsiniz ki, hərbçilər arasında daimi əməliyyat əlaqələri mövcuddur, münaqişələrin aradan qaldırılması və başqa məsələlər üzrə. Ümumiyyətlə, federal qərargah və s. vasitəsilə əlaqələr olub. Əlbəttə ki, birbaşa sərhədlərimizin yaxınlığında bu tip hərəkətlər diqqətin artırılmasına və ehtiyat tədbirlərinin görülməsinə səbəb olmaya bilməz. Bunu dövlət rəhbəri də, müdafiə naziri də vurğulayıb", - deyə Peskov bildirib. Prezidentin mətbuat katibi onu da əlavə edib ki, bu məsələ ilə bağlı prezident administrasiyaları arasında danışıqlar aparılmayıb.
Rusiyanın səbrini sınamaq cəhdi
Qara dənizdə NATO qruplaşmalarının artırılması – odla oynamaq deməkdir və Rusiyanın səbrini sınamaq cəhdidir – bunu Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov deyib.
"Amerika gəmilərinin Qara dənizdə, baza məntəqələrindən 1000 mil uzaqlıqda nə işi var? Bunu sərbəst gəmiçiliklə əlaqələndirmək cəhdi işə yaramır. Bütün bunlar odla oynamaq deməkdir, bu bizim səbrimizi növbəti dəfə sınamaq cəhdidir", – deyə Ryabkov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Rusiyanın etibarlı müdafiəsi var, Moskva bütün bunları görür və cavab verməyə hazırdır.
"Biz həqiqətən də, Qara dəniz regionundakı vəziyyətdən narahatıq, bu ABŞ, onun NATO üzrə müttəfiqləri və bu dövlətlərin regiondakı bəzi müştərilərinin ardı-arası kəsilməyən təxribatlarının növbəti mərhələsidir", – deyə o jurnalistlərə bildirib.