BAKI, 11 noyabr — Sputnik. Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır. Bu, "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Layihəyə görə, minimum aylıq əməkhaqqının və ünvanlı dövlət sosial yardımının artırılmasından sonra ölkədə 1 milyon 600 min nəfər vətəndaşın və onların ailə üzvlərinin sosial rifahı daha da yaxşılaşdırılacaq. Minimum əməkhaqqı sonuncu dəfə 2019-cu ilin sentyabrında 200 manatdan 250 manata qaldırılıb.
Artım ilə bağlı millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında minimum əməkhaqqı ilə bağlı tələblərin həm dövlət, həm də özəl sektor üçün nəzərdə tutulduğunu bildirib: "Minimum əməkhaqqının artırılması həm də o deməkdir ki, özəl sektorda çalışan vətəndaşlarımız da həmin məbləğdən az əməkhaqqı almayacaqlar. Sahibkarlar 300 manatdan az öz işçilərinə əməkhaqqı ödəyə bilməzlər. Bu baxımdan minimum əməkhaqqının artırılması hər iki sektora - dövlət və özəl sektora təsir göstərəcək".
"Bu, eyni zamanda xüsusən də ictimai işlərdə çalışan vətəndaşlarımızın da əməkhaqlarına təsir göstərəcək. İctimai işlərdə çalışan vətəndaşlarımızın böyük qismi minimum əməkhaqqı səviyyəsində maaş alırlar. O baxımdan burada vacib məqamlardan biri məhz həmin şəxslərin də gəlirlərinin artmasıdır. Bu proqramlar dövlət büdcəsindən maliyyələşir. Ona görə də həm dövlət, həm də özəl sektorda çalışan və minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarında artımlar müşahidə olunacaq", - deyə deputat diqqətə çatdırıb.
İqtisadçı Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda istənilən sektorda əməkhaqqı 300 manatdan aşağı ola bilməz: "Minimum əməkhaqqı bütövlükdə ölkə üzrə tətbiq olunan indikatordur. 2019-cu ildə minimum əməkhaqqı artırılanda 950 min şəxs (dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfər) bu qərardan yararlanıb. Bu, o deməkdir ki, həmin dövrdə 950 min şəxs minimum əməkhaqqı səviyyəsində maaş alırdı. Hazırkı artım əgər rəqəmlər dəyişməyibsə, təxminən o qədər şəxsə təsir göstərəcək".
"Ümumilikdə büdcə təşkilatlarında çalışanların əməkhaqları artırıla bilər. Ayrı-ayrı sahələr üzrə əməkhaqqı ilə bağlı sərəncamların olması ehtimalı yüksəkdir. Amma bunun özəl sektora aidiyyəti yoxdur", - deyə ekspert əlavə edib.
Qeyd edək ki, "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə əsasən sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 46,4% təşkil edəcək. Bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 3,6 faiz bənd çoxdur. Layihəyə görə, ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarı 170 manatdan 200 manata qaldırılır.
Minimum əməkhaqqının artımı əhali gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən əməyin leqallaşdırılmasını stimullaşdırır.