RUSİYA

Kreml "Aeroflot"a sanskiya tətbiq olunacağı ilə bağlı xəbərləri təkzib etdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hər bir halda aviaşirkətlərin beynəlxalq normalara zidd hərəkət etdiklərini söyləmək olmaz.
Sputnik
BAKI, 11 noyabr — Sputnik. Kreml mətbuatda Şərqi Avropadakı miqrant böhranı ilə əlaqədar olaraq "Aeroflot"a qarşı mümkün sanksiyalar barədə gedən məlumatları tənqid edib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər yayıb.
"Biz sizinlə birlikdə artıq şirkətin ("Aeroflot"-red. ) bu barədə bəyanatı ilə tanış olmuşuq. Onlar miqrantların Minskə daşınmasını təmin etməyiblər və bu prosesə qatılmayıblar. Bundan başqa, əgər bəzi şirkətlər bunu etsələr belə, onların beynəlxalq normalara zidd hərəkət etdiklərini söyləmək olmaz", - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O əlavə edib ki, Rusiya yaranmış vəziyyətin həlli üçün əlindən gələni edir və Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə müntəzəm əlaqədədir.
"Prezidentin dünən AFR-in kansleri vəzifəsini yerinə yetirən Angela Merkellə telefon danışığı olub. Sərhəddəki vəziyyətlə bağlı məsələ bu söhbətin əsasını təşkil edib", - deyə Peskov vurğulayıb.
Qeyd edək ki, bir qədər bundan əvvəl "Bloomberg" agentliyi Polşa-Belarus sərhədində yaranmış vəziyyətlə əlaqədar Rusiyanın "Aeroflot" və Türkiyənin "Türk Hava Yolları" aviaşirkətinə qarşı sanksiyaların tətbiq edilə biləcəyi barədə məlumat yayıb. Rusiya Xarici İşlər Nazirliyi isə bu xəbərə təəccüblənmədiklərini bildirib: "Avropa İttifaqının istənilən beynəlxalq problemə reaksiyası həmişə "düşüncəsizcəsinə sanksiya dəyənəyi yelləməkdən" ibarət olur".
Bu ilin yay aylarında Belarus və Polşa, eləcə də Belarusun Baltikyanı ölkələrlə sərhəd ərazilərinə Yaxın Şərq və Afrikadan Qərbi Avropaya keçməyə çalışan qaçqınların axını artıb. Noyabrın 8-də iki minə yaxın insanın sərhəddəki tikanlı məftillərin yaxınlığına toplaşması ilə vəziyyət daha da gərginləşib.
Polşa təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə də daxil olmaqla, qeyri-qanuni mühacirlərə qarşı bir sıra tədbirlər görüb.
Litva, Latviya və Polşa baş verənlərə görə Belarusu günahlandırır, Minsk isə bütün ittihamları rədd edir. Lukaşenko bildirib ki, ölkə artıq insan axınının qarşısını almayacaq: Qərbin sanksiyaları ucbatından "buna nə pulları, nə də qüvvələri qalmayıb".