CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki qurum arasında milyonluq borc davası: Cəzasını soyuqda qalan vətəndaş çəkir

"Azəristiliktəchizat"ın bildirdiyinə görə, borcların ödənilməsi istiqamətində bütün zəruri tədbirlər görülür ki, payız-qış mövsümünə vaxtında başlanılsın.
Sputnik
BAKI, 11 noyabr — Sputnik. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin "Azəriqaz" İstehsalat Birliyinə 25 milyon manat borcu var. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə dünən "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev məlumat verib.
O bildirib ki, qazın açılışının təmin olunması üçün "Azəristiliktəchizat" ASC tərəfindən "Azəriqaz" İB-yə müraciət olunmalıdır: "Bizdə olan məlumata görə, hazırda ölkədə 506 qazanxana fəaliyyət göstərir. "Azəristiliktəchizat" ASC tərəfindən müraciət olduqda borcu olmayan qazanxanalar üzrə qazın açılışını təmin edəcəyik".
Abonentlərin canına vəlvələ düşüb
Ruslan Əliyevin borcla bağlı açıqlaması istilik alan abonentlərin narahatlığına səbəb olub. Noyabrın 15-dən etibarən istilik mövsümü başladığından abonentlər mənzillərinə istiliyin verilməyəcəyindən narahatlıq keçirirlər.
Sputnik Azərbaycan abonentlərin narahatlığını nəzərə alaraq borc qalmaqalının istilik mövsümü başlamamış həll edilib-edilməyəcəyini araşdırıb.
Bu, təzə borcdur
"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin Abonent şöbəsinin müdiri Rafiq Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qurumun "Azəriqaz" İstehsalat Birliyinə olan borcu əvvəlki illərdən qalan borc deyil: "Qazanxanalar istisu rejimində işlədiyindən bu borclar hər ay yaranır. Bizim əvvəlki illərdən borcumuz yoxdur. Borcların hamısı cari borclardır. Borcların ödənilməsi istiqamətində də "Azəristiliktəchizat" tərəfindən bütün zəruri tədbirlər görülür ki, payız-qış mövsümünə vaxtında başlanılsın".
R.Əliyev deyir ki, mövsümün vaxtında başlanılması ilə bağlı tədbirlər görülür. Aidiyyəti qurumlara bununla bağlı müraciətlər edilib: "Bir çox qazanxanalarımız var ki, yay mövsümündə də isti su rejimində işləyirlər. Əlil və şəhid ailələri üçün mənzillər, məcburi köçkünlər üçün binalar, eləcə də xəstəxana və internat tipli müəssisələrə isti su verilir".
"Borc yığsaq da, ödəyə bilmirik"
R.Əliyev deyir ki, abonentlərin isti suya görə "Azəristiliktəchizat"-a borcu yoxdur: "Biz abonentlərdən borcu tam şəkildə yığırıq. Buna baxmayaraq "Azəriqaz" İstehsalat Birliyinə borcumuzu tam ödəyə bilmirik".
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qurum qazı "Azərkontrakt" Səhmdar Cəmiyyətindən alır: ""Azərkontrakt" Səhmdar Cəmiyyətinə isə aldığımız mavi yanacağın dəyərini tam şəkildə ödəyirik. Biz də əhali və qeyri-əhalidən borcları yığmalıyıq ki, istehlak olunan mavi yanacağın pulunu vaxtı-vaxtında ödəyə bilək".
"Bizi hədəf seçməsinlər"
E.Vəliyev "Azəriqaz" və "Azəristiliktəchizat" arasında olan borc məsələsinin əsasən istilik mövsümü ərəfəsində ictimailəşməsinə də aydınlıq gətirib. Qurum sözçüsü bildirib ki, bu məsələ ictimailəşməzdən öncə iki qurum arasında borcun ödənilməsi ilə bağlı profilaktik söhbətlər aparılır: "Hər ikisi dövlət qurumu olduğundan, məsələ məhkəmə predmetinə çevrilmir.
Bunun ictimailəşdirilməsinin isə əsas səbəbi odur ki, istilik mövsümündə abonentlər istiliyin verilməməsinə görə "Azəriqaz"ı günahkar görürlər. Çox təəssüf ki, bəzən bizim qurumu hədəf seçirlər. Biz də "Azəristiliktəchizat"-ın borclu olduğunu ictimailəşdiririk ki, abonentlər "Azəriqaz" İB-i günahkar görməsinlər. "Azəristiliktəchizat" vaxtında borcunu ödəməlidir ki, qazanxanalara mavi yanacağın verilməsində heç bir problem yaranmasın".
"Azəristiliktəchizat" abonentlərə narahatlıq yaşadır
Azad İstehlakçılar Birliyinin (AİB) Kommunal məsələlər şöbəsinin rəhbəri Nüsrət Qasımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yaranmış narahatlığa görə "Azəristiliktəchizat" günahkardır: "Bu qurum borcu qış qapının ağzını alana saxlamamalıdır. Borcu varsa, vaxtında ödəməlidir ki, abonentlər narahatlıq keçirməsin. Ümumiyyətlə, mən belə düşünürəm ki, "Azəristiliktəchizat" ləğv olunmalıdır. "Azəristiliktəchizat" dövlətdən dotasiya ilə yaşayan qurumdur. Bir qurum ki, borcunu ödəyə bilmir, onda o, niyə fəaliyyət göstərməlidir?"
N.Qasımov deyir ki, "Azəristiliktəchizat" noyabrın 15-dən istilik versə də, abonentlər verilən istiliyin keyfiyyətindən də razı deyil: "Moskvada 19 dərəcə şaxtada mənzillərə verilən istiliyin temperaturu 100 dərəcəyə çatır. "Azəristiliktəchizat" isə qar dizə çıxanda 20 dərəcə istiliyi güclə verir. Bu qurum sovetdən qalan mirasdır".
Qeyd edək ki, keçən mövsüm də noyabrın 16-da "Azəristiliktəchizat" ASC ilə "Azəriqaz" İB arasında yaranan borc qalmaqalına görə paytaxtın əksər ərazilərində abonentlər istiliksiz qalmışdı. Sumqayıt, Nərimanov ərazilərində istilik mövsümünə keçid baş tutmamışdı. Məlum olmuşdu ki, qazanxanalara mavi yanacağın verilməsi məhz "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İB-ə olan borcu üzündən dayandırılıb.