Hər dil bilən insanın bədii əsər tərcümə etməsi doğru deyil - Eyyub Qiyas
Tərcüməçi Faiq Mahmudov bildirir ki, bədii əsərlərin tərcüməsində vəziyyət olduqca acınacaqlıdır. 2015-ci ildə 1800 işarəyə 6 manat verirdilər. İndi də qiymət elədir - 6-7 manat.
SputnikBAKI, 11 noyabr — Sputnik. Nəsiri nasir tərcümə etməlidir, şeiri isə şair tərcümə etməlidir. Ola bilər ki, bir insan ingilis dilini mükəmməl bilir, amma ədəbiyyatı bilmir. Hər dil bilən insanın bədii əsər tərcümə etməsi doğru deyil.
Bu fikirləri tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Eyyub Qiyas Sputnik Azərbaycan-a müsahibəsində bildirib. Dramaturqun sözlərinə görə, tərcümə olunan əsərdə artıq 2 müəllif olur: Tərcüməçi və əsərin müəllifi. Tərcüməçi tərcümə etdiyi yazarın üslubunu, tərzini saxlamaq şərti ilə yeni bir təqdimatla oxucu qarşısına çıxır.
Nasir əlavə edir ki, tərcüməçi tərcümə etdiyi müəllifin millətini tanımalı, adət-ənənəsi haqqında məlumatlı olmalıdır. İngilis, fransız yazıçıları sırf üslubçudurlar, onlar adət-ənənələri, dini bayramlarını, öz jarqonlarını əsərdə istifadə edirlər. Tərcüməçi onun Azərbaycan dilində qarşılığını bilməlidir, oxucuya onun qarşılığını verməlidir. Onu səthi, hərfi tərcümə edəndə heç kəs, heç nə anlamır. Əsərdə gülüş doğuran məqamları oxucu oxuyub anlamır. Çünki, tərcüməçi onu hərfi tərcümə edib.
Eyyub Qiyasın fikrincə, bu problem dublyaj sahəsində də var. Bəzən rəsmiyyət lazım olmayan yerlərdə rəsmi danışıq olur, o da tamaşaçıda qıcıq yaradır.
Həmsöhbətimiz əlavə edir ki, bütün bu problemlərin başında maddiyyat dayanır. Peşəkar tərcüməçiyə qonorar vermirlər, yeni başlayanlara qəpik-quruş verib tərcümə etdirirlər. Bədii əsərlərlə dil, mədəniyyət formalaşır. Bunun qarşısını almaq üçün proqram lazımdır:
"Düşünürəm ki, tərcümə sahəsində müştərək komissiya yaradılmalıdır. Attestasiya keçirilməlidir. Tərcüməçilərə mütləq lisenziya verilməlidir ki, kimi bu sahəyə buraxmaq olar, kimi yox. Mən yaxşı italyan dilini bilənlə yox, öz dilini mükəmməl bilənlərlə işləməyi üstün tuturam. Bu yaxınlarda bir tərcümə ilə rastlaşdım. Yazır ki, "qadın öz ölümü ilə rəhmətə gedib". "Öz əcəli" sözünü bilmir. Elə tərcümə olunan əsərlər var ki, onlar birbaşa "google translate"dən istifadə olunub".
Bir sıra şeirlər toplusunun, romanların və tərcümələrin müəllifi Cəlil Cavanşir isə Sputnik Azərbaycan-a bildirib ki, indiki nəsil daha seçicidir və hər əsəri oxumur. Bu baxımdan, nəşriyyatların üzərinə çox yük düşür:
"Son vaxtlar oxucular tərcümə ədəbiyyatına yox, daha çox xaricdən gələn kitablara üstünlük verirlər. Bizim nəslin nümayəndələri hər şeyi oxuyurdu, əlimizə nə keçirdi onu oxuyurduq. Amma indiki nəsil daha seçicidir. Bizim valideynlərimiz kitabı təbliğ edirdi. İndiki nəsildən olan cavanların əlində telefon olur, ən yaxşı halda reklamda qabağına çıxan əsərləri oxuyurlar. Nəşriyyatlar xarici əsərlərin tərcüməsinin ucuz başa gəlməsi üçün bu sahədə yeni başlayanlara, naşı insanlara üstünlük verirlər. Hər naşı insana tərcümə verəndə vəziyyət acınacaqlı olur".
Tərcüməçi Faiq Mahmudov bildirir ki, bədii əsərlərin tərcüməsində vəziyyət olduqca acınacaqlıdır. 2015-ci ildə 1800 işarəyə 6 manat verirdilər. İndi də qiymət elədir, 6-7 manat:
"Amma o illərdə gündəlik istehlakıma xərclədiyim xərclərlə indiki eyni deyil. Qiymətlər günü-gündən artır. 5 il əvvəl mənim şəxsi xərclərim 200 manat civarında idisə, bu gün o 400 manatdır. Amma 2015-ci ildə elədiyim tərcümə ilə indikinin qiyməti arasında heç bir dəyişiklik yoxdur".
Tərcüməçinin sözlərinə görə, texniki tərcümənin qiyməti bədii tərcüməyə baxanda nibətən yüksəkdir. Amma bədii tərcümənin 1 səhifəsinə maksimum 10 manat verirlər. Halbuki bədii tərcümə çox vaxt tələb edir:
"Məsələn, sonuncu tərcümə etdiyim əsərdə at arabasından bəhs edilirdi. Mən at arabası görmüşəm, amma detallarını bilmirəm. Onu təsvir etmək üçün mən at arabasının yanında olmalıyam. Bunun üçün mən getdim "Cıdır" atçılıq mərkəzinə. Orada öz gözlərimlə görəndən sonra mənə rahat oldu. Bu da həm vaxt, həm də vəsait tələb edir. Lakin, bədii tərcüməyə verilən dəyər buna dəyirmi? – Yox".
F. Mahmudivun fikrincə, tərcüməçinin peşəkarlıq səviyyəsi qiymətin 50 faizini təşkil edir. Bu gün tərcüməçiliyə başlayan adamla illərini bu sahəyə sərf edən adam arasında çox fərq var. Bunu redaktor dərhal anlayır. Tərcüməçiliyin özü də bir elmdir.
Tərcüməçi-yazar, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bildirir ki, tərcümə məsələsi həmişə müzakirə mövzusu olub. Bu gün tərcümə edənlərin heç də hamısı peşəkar deyil:
"Yeni tərcüməçilər var, yeni redaktorlar var, onları da kənarda qoymaq olmaz. Əgər bir gəncin bu sahəyə marağı varsa, yeni başlayanda ondan peşəkarlıq tələb etmək mümkün deyil. Bunun üçün zaman lazımdır".
Şahbaz Xuduoğlu onu da deyib ki, tənqidləri qəbul edirlər. Bununla belə, onlarda tərcüməçiliyin keyfiyyəti günbəgün artır.
"Hər bir nəşriyyatın seçim qaydası var. Bizim də öz seçim qaydamız var. Əvvəlcə nümunə üçün tərcüməçiyə mətn veririk, tərcüməsinə baxırıq. Tərcüməçinin də istəklərini nəzərə alırıq. 70 nəfər tərcüməçi ilə işləyirik. Təbii ki, onların hamısı peşəkar deyil, amma hər halda 70 faizi peşəkardır", - Xuduoğlu əlavə edib.