AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan Gorus-Qafan yolunda gömrük postları qurur

Sputnik
BAKI, 11 noyabr - Sputnik. Azərbaycan bu gün gecəyarısı Gorus-Qafan avtomobil yolunda gömrük postları quracaq.
Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çərşənbə günü, noyabrın 10-da İctimai TV-yə müsahibəsində deyib.
"Bu gün Azərbaycan tərəfi Ermənistan tərəfinə məlumat verib ki, 00:00-dan Gorus-Qafan avtomobil yolunda gömrük və sərhəd prosedurları həyata keçirəcək, yəni nəzarət-buraxılış məntəqələr quracaq", - Qriqoryan deyib.
Onun sözlərinə görə, erməni tərəfi cavab addımları ataraq gömrük məntəqələri quracaq. Əlavə edib ki, işlər artıq başlayıb.
TŞ sədri qeyd edib ki, alternativ Qafan-Tatev yolu artıq hazırdır, bu yolla həm Gorusa, həm İrəvana getmək mümkündür. Bu isə o deməkdir ki, Ermənistanın həm avtomobillərin keçidi, həm də yüklərin daşınması üçün təhlükəsiz alternativ yolu var.