BAKI, 11 noyabr — Sputnik. Azərbaycan ərazisində noyabrın 10-dan başlayaraq hava şəraiti kəskin dəyişib. Bakıda və bölgələrdə güclü külək müşahidə edilir. Hava şəraitinin dəyişməsi, xüsusi güclü külək nəticəsində müxtəlif obyektlərə, o cümlədən əkin sahələrinə və təsərrüfatlara zərər dəyməsi istisna deyil.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondundan məlumat verilib.
Nazirlər Kabinetinin 30 oktyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Aqrar sığorta qaydaları"na əsasən, dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığota mexanizmi qasırğa və fırtına risklərinə də təminat verir.
Bu təminatlar baza zərfi çərçivəsində təqdim edilir və hazırda Aqrar Sığorta Fondunun sığortaladığı bütün sahələrə – heyvandarlıq təsərrüfatları, əkin sahələri və balıqçılıq təsərrüfatlarına aiddir.
Təsərrüfatlarını aqrar sığorta vasitəsilə sığortalamış təsərrüfatlar və sahibkarlar qasırğa və fırtına risklərindən də qorunmuş olurlar. Aqrar Sığorta Fondu sığortalanmış və qasırğa/fırtına riski nəticəsində zərər çəkmiş təsərrüfatları fonda müraciət etməyə dəvət edir.
Hazırda bu risklər üzrə 14 növ bitkini, o cümlədən buğda, arpa, qarğıdalı, çəltik sahələrini və fındıq bağlarını, eləcə də südlük mal-qaranı sığotalamaq mümkündür. Yaxın vaxtlarda sığortalanan əkinlərin və heyvanların siyahısı daha da genişlənəcək.
Əkin sahələrinin baza zərfi üzrə sığortalanması bitkinin növündən, əkin sahəsinin hansı regionda yerləşməsindən və məhsuldarlıq göstəricisindən asılıdır. Mal-qaranın sığortalanması üzrə sığorta haqları isə inəklərin (camışların) qiymətindən və seçilmiş sığorta zərfindən asılıdır.
Sahibkarlar Aqrar Sığorta Fondunun internet səhifəsindən yerləşdirilmiş "Bitkiçilik sığortası kalkulyatoru" və "Heyvandarlıq sığortası kalkulyatoru"ndan istifadə etməklə sığorta haqlarını müstəqil şəkildə hesablaya bilərlər.