BAKI, 11 noyabr — Sputnik. "Zəfər Günü münasibəti ilə imzalanan Amnistiya Aktının fərqi ondan ibarətdir ki, qanuni qüvvəyə minməmiş hökmlərə və istintaq mərhələsində olan işlərə aid ediləcək".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini Elçin Nəsibov 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən "dəyirmi masa"da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Amnistiya Aktının icrası 4 ay müddətində icraçı orqanlar tərəfindən başa çatdırılacaq: "Amnistiya Aktına əsasən, bu qərar ilk dəfə ağır cinayət törədilməsinə görə 6 aya qədər cəzası qalan şəxslərə də şamil olunacaq".
Amnistiya aktı
Xatırladaq ki, Milli Məclis noyabrın 5-də Zəfər Günü ilə bağlı Amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Amnistiya aktı ümumilikdə 16 min nəfərə şamil ediləcək, 3 min nəfər məhkum isə cəzasının çəkilməmiş hissəsindən azad ediləcək.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, Azərbaycan Prezidenti tərəfindən təqdim olunan amnistiya sənədi ənənəvi olaraq preambula və 4 hissədən ibarətdir. Preambulada çox ciddi arqumentlər səslənir və amnistiyanın zərurəti vurğulanır. Sənəddə amnistiya tətbiq edilən şəxslərin dairəsi, amnistiyanın tətbiqinə məhdudiyyətlər, amnistiya aktının hüquqi qüvvəsi və amnistiyanın tətbiqi qaydaları öz əksini tapıb.
O qeyd edib ki, parlament tərəfindən sonuncu amnistiya 2016-cı ildə qəbul olunub. Amma bu amnistiyanı şərtləndirən ən vacib məqam onun Zəfər Gününə – 8 Noyabr tarixinə həsr olunmasıdır. Amnistiyanın preambulasında da qeyd olunduğu kimi, Vətən müharibəsindəki Qələbə Azərbaycan xalqının özünə inamını, güvənini daha da artırıb, Azərbaycan dövlətçiliyini daha da gücləndirib. Belə bir mərhələdə amnistiyanın elan olunması hələ Ulu öndər Heydər Əliyevdən başlayaraq ölkəmizdə həyata keçirilən humanizm siyasətinin yenə də davam etdiyinin göstəricisidir.
Ədliyyə Nazirliyi ötən gün bəyan edib ki, artıq 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya aktının icrasına başlanılıb.