BAKI, 10 noyabr — Sputnik. Qara istiotda olan piperin COVID-19-un yayılmasına mane ola bilər. Rusiya Elmlər Akademiyasının (REA) Sitologiya İnstitutunun və Paster adına Sankt-Peterburq Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun alimləri belə qənaətə gəliblər. Araşdırmanın nəticələri "Biomedicines" jurnalında dərc olunub. Elmi tədqiqatlardan birinin baş rəhbəri olan, Rusiya Elmlər Akademiyası Sitologiya İnstitutunun baş elmi işçisi Olqa Ostroumova araşdırmanın təfərrüatı barədə məlumat verib.
Mütəxəssisin izah etdiyi kimi, infeksiya törədicilərinin bağlandığı insan hüceyrəsinin səthindəki zülalları bloklayan preparatların yaradılması koronavirusla mübarizənin istiqamətlərindən biridir. Ancaq ştammlar və onların zülalları sürətlə mutasiyaya uğrayır. Bu da bir çox hazırlanmış dərmanların zamanla öz təsirini itirməsinə səbəb olur.
Buna görə də Rusiya alimləri başqa yolla getmək və zülalların qarşılıqlı əlaqəsini deyil, insan və virus hüceyrələrinin lipid örtüyünün (membran) birləşməsinə maneə törətməyə qadir olan maddələri tapmaq qərarına gəliblər. Əgər belə birləşmə baş verməsə, infeksiya da olmayacaq.
Alimlər müxtəlif tibbi məqsədlər üçün uzun müddət bioaktiv əlavələrin tərkibində istifadə olunan, bitki mənşəli alkaloid olan piperinə diqqət yetiriblər.
Ostroumova qeyd edib ki, elmi təcrübə üçün piperindən əlavə, 20 müxtəlif alkaloid də seçilib. Koronavirus infeksiyası zülal fraqmentinin iştirakı ilə virus və hüceyrə membranlarının modellərinin sınağında ən yüksək effektivliyi məhz piperin göstərib.
Sınaq koronavirusun Uhan ştammı və meymun hüceyrələrində aparılıb.