BAKI, 10 noyabr — Sputnik. ABŞ-ın Qara dənizdəki hərəkətləri Vaşinqtonun Rusiyanı cilovlamaq və güc nümayiş etdirmək mövqeyi ilə əlaqədardır, – Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, Ali İqtisadiyyat Məktəbinin Dünya siyasəti kafedrasının professoru Vladimir Batyuk bu fikirdədir.
Bir qədər bundan əvvəl "Porter" eskadra-mina gəmisi və qanadlı raketlərlə silahlanmış "Mount Whitney" qərargah gəmisi ABŞ və onun müttəfiqlərinin təlimlərində iştirak etmək üçün Qara dəniz hövzəsinə gətirilib. Rusiya Müdafiə Nazirliyi bildirib ki, ABŞ hərbçiləri Qara dənizi "Kiyevin Donbasda münaqişənin hərbi yolla həllinə hazır olacağı təqdirdə" mümkün hərbi əməliyyatlar teatrı kimi öyrənir.
"Bu, yaxın sərhədlərdə, o cümlədən Qara və Baltik dənizlərində Rusiyanın qarşısının alınması ilə bağlı Amerikanın rəsmi mövqeyidir və Vaşinqton tərəfindən güc nümayişindən başqa bir şey deyil", – deyə Batyuk RİA Novosti-yə bildirib.
ABŞ-ın Qara dənizdə hərbi bazalarının inşası ehtimalına da toxunan ekspert Montrö Konvensiyasını yada salıb. Həmin sənədə əsasən, Qara dəniz hövzəsinə aid olmayan ölkələrin gəmiləri burada 21 gündən artıq qala bilməz.
"Bu şərtlər daxilində amerikalıların Qara dənizdə daimi donanma inşa etməyə, sadəcə olaraq, hüququ çatmır", – deyə o vurğulayıb.
Üstəlik, Batyuk deyir ki, amerikalılar, bir qayda olaraq, öz bazalarını sabit siyasi şəraiti olan zəngin ölkələrdə yerləşdirirlər. Misal kimi o, Qərbi Avropa ölkələrini, eləcə də, Bəhreyn, Yaponiya, Cənubi Koreya və Avstraliyanı göstərib. Ukrayna isə bu siyahıya daxil deyil.
"Bu, daxili təlatümləri olan yoxsul ölkədir. Ona görə də çətin ki, ağlı başında olan hər hansı bir Amerika hərbçisi və ya siyasi rəhbəri Ukrayna ərazisində daimi hərbi və hərbi-dəniz bazalarının yaradılması barədə qərar qəbul etsin", – deyə professor vurğulayıb.
"Amerika hərbi gəmilərinin Qara dəniz regionunda mövcudluğunun Donbasdakı Ukrayna hərbçilərinə hər hansı bir formada kömək olacağını təsəvvür etmək çətindir, çünki bunlar iki fərqli hərbi əməliyyatlar teatrıdır", – deyə o fikirlərini yekunlaşdırıb.
ABŞ Hərbi Hava Qüvvələrinin bəyan etdiyi kimi, Montrö Konvensiyası nəzərə alınmadan müntəzəm hərbi təlimlər Rusiyanın bölgədəki hökmranlığının qarşısını ala bilər. Sözügedən sənədə əsasən, Qara dəniz hövzəsinə aid olmayan ölkələr sülh dövründə Bosfor və Çanaqqala boğazlarından keçərkən gəmilərin sinfinə və tonnajına, eləcə də orada qalma müddətinə dair məhdudiyyətlərə riayət etməyə borcludurlar. Buna görə də ABŞ digər dövlətləri bu məhdudiyyətləri aşmaq üçün səyləri birləşdirməyə çağırır.