AZƏRBAYCAN XƏBƏRLƏRİ

Mehriban Əliyevadan "Dövlət Bayrağı Günü" ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hamını təbrik edib və bayrağımızın şəklini paylaşıb.
Sputnik
BAKI, 9 noyabr - Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Instagram səhifəsində 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.
Onun paylaşımında deyilir:
"Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə hamını təbrik edirəm!".
Mehriban Əliyeva statusunda Azərbaycanın üçrəngli bayrağının şəklini də paylaşıb.
Xatırladaq ki, bu gün Azərbaycanda Dövlət Bayrağı günü qeyd olunur.
Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.
1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib.
1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul olunub.
1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.
Prezident, həmçinin, Dövlət Bayrağı günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib, dəyişikliyə əsasən, Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.
Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib.
Əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var.
Həmçinin oxuyun:
O mənim millətimin ulduzudur, parlayacaq!