BAKI, 7 noyabr - Sputnik. Zəfər Günü münasibətilə Xüsusi Təyinatlı Qüvvələrdə veteranlar və Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ailələri ilə görüş keçirilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Mərasim iştirakçıları hərbi hissənin ərazisində ucaldılmış ulu öndər Heydər Əliyevin büstü və Xüsusi Təyinatlı Qüvvələrin xatirə abidəsi qarşısına gül dəstələri qoyublar.
Tədbirdə Zəfər Günü münasibətilə hazırlanan tort kəsilib, veteranlara və şəhid övladlarına müxtəlif hədiyyələr təqdim olunub.
Balacalara müasir atıcı silahlar nümayiş etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.
Muğam ifaçısı Kənan Bayramov qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirib.
Sonda qonaqlar şəxsi heyətlə birgə çay süfrəsində söhbət ediblər.