İQTİSADİYYAT

İki yüzdən çox rüsum dəyişdirilir - Həftəlik icmal

Vergi Məcəlləsinə də bir sıra dəyişikliklər ediləcək: kitab və kağız məhsullarının idxalı və satışının ƏDV-dən azad edilməsi, dərman vasitələrinin dövlət qeydiyyatına görə rüsumların qaldırılması və s. Sputnik Azərbaycan-ın materialında.
Sputnik
BAKI, 7 noyabr — Sputnik. Bu həftə Azərbaycanda baş verən maraqlı iqtisadi hadisələri oxucuların nəzərinə çatdırırıq. Yola saldığımız həftədə Milli Məclisdə müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna və Vergi Məcəlləsinə təklif edilən bir sıra dəyişikliklər diqqətçəkir.
266 dövlət rüsumunun məbləğinə yenidən baxılır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər müzakirə edilib. Komitə sədri Tahir Mirkişili qeyd edib ki, təklif edilən dəyişikliklər əsasən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam olaraq büdcəyə köçürülməsi, mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun qanunvericilikdə təsbiti, rüsumlarda inflyasiya səviyyəsinə uyğun indeksasiyanın aparılması istiqamətlərini özündə ehtiva edir.
Aksiz markası olmayan məhsullar aşkar edilib
Əsasən aksizlərin, markaların qeydiyyatına görə rüsumlar dəyişdirilir
Maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, dəyişikliklərdə müxtəlif normativ aktlarda pərakəndə halda mövcud olan bir çox rüsumların qanunda bir sistem şəklində təsbit olunması, bəzilərində mal və məhsulların bahalaşması və digər amillərin nəzərə alınması təklif edilib. Qeyd olunub ki, əsasən aksizlərin, markaların qeydiyyatına görə rüsumların məbləğlərində müəyyən dəyişiklik nəzərdə tutulub.
Nazir müavini bildirib ki, bütövlükdə büdcənin balanslaşdırılması üçün tələb olunan rəqəmə nail olunub:

"Dövlət rüsumları ilə bağlı 266 əməliyyat üzrə rəqəmlərə yenidən baxılır. Bunların təyin olunduğu dövrdən indiyə qədər bəzilərində dəfələrlə, bəzilərində isə daha aşağı rüsumlar müəyyən etmişik. Elə hal yoxdur ki, biz inflyasiya səviyyəsindən yüksək kiməsə rüsum müəyyən edək".

Dövlət rüsumlarının məbləği maya dəyərindən aşağıdır
Azər Bayramov bildirib ki, bu dəyişikliklər nəticəsində büdcəyə 100 milyon manatdan artıq əlavə vəsaitin daxil olması nəzərdə tutulur. O bildirib ki, bu gün Azərbaycanda tətbiq olunan bir çox dövlət rüsumlarının məbləği maya dəyərindən aşağıdır.
O qeyd edib ki, bir çox dövlət rüsumları 15 il bundan əvvəl müəyyən edilib və o zamandan dəyişməyib. Nazir müavini bildirib ki, bu müddət ərzində baş verən inflyasiya dövlət rüsumunun məbləğinin maya dəyərindən aşağı düşməsinə səbəb olub.
Qeyd edək ki, layihə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.
Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.
Dərman vasitələrinin dövlət qeydiyyatına görə rüsumlar qaldırılır
Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri dəyişir. Bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı 100 manatdan 150 manata qaldırılır.
Таблетки, фото из архива
Qanuna yeni 33.1-1 və 33.1-2-ci maddələr əlavə olunması təklif edilib. Bu maddələrə əsasən, dərman vasitələrinin və maddələrinin yenidən dövlət qeydiyyatı üçün 100 manat rüsum, dərman vasitələrinin və maddələrinin qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı üçün isə 50 manat rüsum ödəniləcək. Həmçinin, gigiyenik sertifikatın verilməsi üçün rüsum 15 manatdan 25 manata qaldırılacaq.
Sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə rüsumlar artırılır
Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə rüsumlar dəyişir. Bu, "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılır.
Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşir.
sürücülük vəsiqəsi
Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün rüsum artırılaraq 10 manat məbləğində müəyyənləşir. Əvvəl bu məbləğ 5 manat idi.
Layihəyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə olan rüsumlara da dəyişiklik təklif edilir.
Avto-moto nəqliyyat vasitələri üçün rüsumlar 25 manatdan 30 manata, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün rüsum 5 manatdan 10 manata qaldırılır.
Qanuna təklif edilən yeni maddəyə əsasən, artıq beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi də mümkün olacaq. Bunun üçün 12 manat rüsum müəyyənləşir.
Avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsumun 22 manatdan 30 manata qaldırılması, vətəndaşın şəxsi istifadə üçün ölkəyə gətirdiyi mobil telefonların qeydiyyatı üçün rüsumların qanunla tənzimlənməsi, bəzi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsumların artırılması və s. "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklər sırasındadır.
Vergi Məcəlləsinə də dəyişikliklər ediləcək
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Vergilər Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərin ictimai müzakirələrini təşkil edib.
Kitab və kağız məhsullarının idxalı və satışı ƏDV-dən azad edilir
Dinləməni giriş sözü ilə açan komitənin sədri Tahir Mirkişili Prezident İlham Əliyev tərəfindən Milli Məclisə daxil olmuş Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasının nəzərdə tutulduğu barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, qanun layihəsində Vergilər Məcəlləsinin 164-cü maddəsinə təklif edilən dəyişikliyə görə, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən KİV məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu KİV məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad olunur.
На первой национальной книжной ярмарке-выставке, которая открылась 1 октября в Бакинском Дворце спорта
Tahir Mirkişili qanun layihəsini Azərbaycan Prezidentinin bu sahəyə diqqətinin və qayğısının növbəti bariz nümunəsi kimi vurğulayıb. Qeyd edib ki, bu sahədə ƏDV-nin ləğv edilməsi kitab və digər çap məhsullarının, dərsliklərin qiymətinin aşağı düşməsinə səbəb olacaq, ölkədə çap sənayesinin inkişafını təşviq edərək yeni iş yerlərinin və sahibkarlığın inkişafına təkan verəcək.
Siqaretə tətbiq olunan aksiz dərəcəsi artırılır
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır. Eyni zamanda qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə tətbiq olunan 12,9 manat aksiz dərəcəsinin 14 manata qaldırılması təklif edilir.
İqtisadçı Eyyub Kərimli deyib ki, siqaretlərin qiyməti kəskin qalxmasa da, lakin bahalaşma olacaq: "Siqaretlərin qiymətində təxminən 10-15 faiz artımın olması gözlənilir. Bu, qaçaqmalçılıq hallarını artıra bilər. Ölkədə tütün üzrə yerli istehsalı genişləndirməliyik. Biz xam tütünü az istehsal edirik, əsasən xaricdən gətirilir. Bu da qiymətlərə təsir edir".

"Dünyanın əksər yerində siqaretlərin qiyməti bahadır, bizdə isə ucuzdur. Siqaretin qiyməti Türkiyədə bizdən bahadır, Gürcüstanda isə bizdən ucuzdur. Çünki Gürcüstanda tütün məmulatları üzrə aksiz dərəcələri aşağıdır. İnsanlar siqaret çəkməsələr, daha yaxşı olar, qənaət etmiş olarlar", - deyə iqtisadçı qeyd edib.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 3-də keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb. Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib ki, vaxtilə siqaret bazarında kölgə iqtisadiyyatının səviyyəsi kifayət qədər yüksək olub:
"Bu gün son göstərici təxminən 2-3%-dir. Bütün ölkələrdə bu göstərici var. Amma əvvəlki dövrdə aksizin birdən-birə artırılması düzgün addım olmazdı. Bu sahə ilə məşğul olan sahibkarlar anlayırlar ki, proses davamlı olacaq. Bu gün bir qutu siqaretin orta qiyməti 2,40 manat təşkil edir. Aksizlərə tətbiq edilən artım qiyməti siqaretlərin də orta qiymətinə təsir edəcək. Bundan sonra siqaretin bir qutusunun orta qiyməti 2,60 manat təşkil edəcək. Bu sahədən əldə olunan gəlirlər dövlət səhiyyə sahəsinə ayrılır. Məsələ bu şəkildə tənzimlənir".
Pay torpaqlarına çıxarış verilməsinə görə rüsum tutulmayacaq
Bu həftə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik parlamentin iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, torpaq islahatı haqqında" qanuna uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmayacaq.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, 1996-cı ildə qəbul olunmuş "Torpaq islahatı haqqında" qanuna görə Azərbaycanda 2032 kolxoz və sovxoz ləğv olunmuş, bunun əvəzində minlərlə ailəyə torpaq payı verilmişdi. Bu, o zaman Ulu öndər Heydər Əliyev tərəfindən MDB-də keçirilmiş ilk torpaq islahatı olmuşdu. Azərbaycanda sahibkarlığın inkişafına, qida təhlükəsizliyinin və əhalinin məşğulluğunun təmin olunmasına çox böyük təkan vermişdi. Aparılan təhlillər ötən 25 il ərzində islahatların icrası zamanı bir sıra nöqsanlara yol verildiyini aşkara çıxarıb.
Astarada torpaq sürüşməsi
Layihəyə görə, "Dövlət rüsumu haqqında" qanunda edilən dəyişiklik torpaq islahatı dövründə pay torpağı almış, lakin müvafiq hüquqi sənədlərlə təmin edilməmiş torpaq sahiblərinin torpaq üzərində hüquqlarının təsdiqi zamanı dövlət rüsumundan azad edilməsini nəzərdə tutur. Bu, həm mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (30 manat miqdarında dövlət rüsumu), həm də texniki sənədlərin verilməsinə (50 manat miqdarında dövlət rüsumu) şamil ediləcək, yəni vətəndaş 80 manatı ödəməkdən azad olunacaq və həmin məbləğ dövlət büdcəsindən ödəniləcək. Müzakirədən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Azərbaycan OPEC+ üzrə gündəlik neft hasilatının növbəti ayda 400 min barel artırılması üzrə konsensusa qoşulub
OPEC+ ölkələri nazirlərinin 22-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barel artırılması üzrə nazirlərin iyul iclasında qəbul edilmiş qərarın qüvvədə qalmasına dair razılıq əldə edilib.
Qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi" çərçivəsində Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barel təşkil edəcək. Yəni, Azərbaycan gündəlik xam neft hasilatını noyabr ayı ilə müqayisədə 7 min barel artırmaqla 654 min barel həcmində saxlamaq imkanı əldə edib.
OPEK
Pərviz Şahbazov iclasdan sonra təşkil olunmuş mətbuat konfransı zamanı ünvanlanmış suallara cavab olaraq deyib: "Bu gün qəbul edilmiş qərar həmişə olduğu kimi konsensus əsasında qəbul edilib və faktlara, araşdırmalara, təhlillərə əsaslanır".
Qeyd edək ki, OPEC+ ölkələri nazirlərinin 23-cü iclasının 2 dekabr tarixində keçirilməsi razılaşdırılıb.
500 manat nominalında yeni əsginas tədavülə buraxılıb
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə aparılmış 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun tarixi Zəfərinin ildönümü münasibətilə tədavülə buraxılan xatirə pul nişanlarının Mərkəzi Bankda təqdimat mərasimi keçirilib.
Zəfər Günü ilə bağlı buraxılan xatirə pul nişanı
Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun apardığı 44 günlük Vətən müharibəsi zəfərlə başa çatdı. Azərbaycanın tarixi torpaqları olan Qarabağın erməni işğalından azad edilməsi uğrunda 2020-ci ildə aparılmış Vətən Müharibəsindəki qələbəmiz milli tariximizin ən parlaq səhifəsi kimi yaddaşlara yazıldı. Azərbaycan xalqının sarsılmaz iradəsi, milli ordumuzun böyük şücaəti və dəmir yumruq otuz ilə yaxın təcavüzkar erməni faşistləri tərəfindən işğal və talan edilən vətən torpaqlarının düşmən tapdağından azad edilməsini təmin etdi. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan bu qələbənin əldə olunmasının əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi nəhəng dövlət və ordu quruculuğu, müdrik xarici və daxili siyasət, böyük xalqımızın yorulmaz əməyi və Azərbaycan əsgərinin qəhrəmanlığı dayanır.
Ölkədə uğurla həyata keçirilən siyasi kurs, dövlətimizin beynəlxalq mövqeyinin və nüfuzunun yüksəlməsi, onun iqtisadi və maliyyə potensialının güclənməsi və ən başlıcası isə Prezident - Xalq birliyi bu qələbənin əldə edilməsində həlledici rol oynadı.
Böyük qürur hissi ilə bildirildi ki, Mərkəzi Bankın 12 əməkdaşı da Vətən müharibəsində iştirak etmişdir. Onlar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə medallarla, həmçinin yüksək nəticələr əldə etdiklərinə görə fəxri fərmanlarla təltif olunublar.
Sonra E.Rüstəmov bildirdi ki, çağdaş tariximizin ən şanlı səhifələrindən biri kimi yaddaşlardan silinməyəcək bu Zəfər tarixini əbədiləşdirmək üçün Azərbaycan Mərkəzi Bankı 500 manat nominallı "ZƏFƏR" xatirə banknotunun, qızıl və gümüşdən hazırlanmış "Zəfər" xatirə monetasının, eləcə də düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixi-mədəni irsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə "Şuşa" şəhərinə, "Cəbrayıl", "Qubadlı", "Ağdam", "Zəngilan", "Füzuli", "Laçın", "Kəlbəcər", "Xocavənd" rayonlarına və "Suqovuşan" qəsəbəsinə həsr olunan gümüş xatirə sikkələrinin tədavülə buraxılmasını elan edir.
Qeyd olundu ki, xatirə banknotu üzərində əsas dizayn elementləri kimi Azərbaycan Respublikası Prezidentinin "Qarabağ Azərbaycandır!" ifadəsi, ölkəmizin tarixi-mədəni irs nümunəsi olan Molla Pənah Vaqifin məqbərəsi, qədim memarlıq nümunəsi olan Xudafərin körpüsünün, Əsgəran qalasının təsvirləri, eləcə də "8 Noyabr Zəfər Günü" sözləri, qələbəmizin simvoluna çevrilmiş Xarıbülbül, şəhid və qazi qanının təcəssümü olan qırmızı lalələr, yenilməz Azərbaycan əsgərləri, üçrəngli bayrağımızın təsvirləri əks olunub.
Mərkəzi Bank mövcud konsepsiya çərçivəsində "Qarabağ" mövzusuna həsr olunmuş 20 manatlıq əsginasının da yenilənməsini həyata keçirib və növbəti ildən tədavülə buraxılması nəzərdə tutulur. "Qarabağ" mövzusuna həsr olunmuş bu pul nişanı üzərində əsas dizayn motivləri - Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə və qalxan təsvirləri saxlanılmaqla əlavə dizayn elementləri, o cümlədən Qarabağ florasının incisi sayılan və qələbəni simvolizə edən Xarıbülbül nişanəsi və "Qarabağ" sözü ön plana çəkilib.
Bu vaxtadək Neft Fondu “Şahdəniz” qazı və kondensatının satışından 4,1 milyard dollar gəlir əldə edib
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlirlər 461 milyon 921 min ABŞ dolları olub. Qeyd olunub ki, o cümlədən 10 ayda Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından gəlirləri 135 milyon 235 min dollar təşkil edib.
2007-ci ildən cari il noyabrın 1-dək isə fondun “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri 4 milyard 129 milyon dollar olub.