BAKI, 7 noyabr - Sputnik. Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Məclisi gələn həftə türk hərbçilərinin Azərbaycandakı mandatının uzadılması ilə bağlı Prezidentin təklifini müzakirəyə çıxaracaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, türk hərbçilərinin Azərbaycandakı vəzifə müddətinin uzadılması ilə bağlı müzakirələr noyabrın 9-da keçiriləcək.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılması ilə bağlı TBMM-ə sənəd göndərib.
Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi
Qeyd edək ki, 2021-ci il yanvarın 30-da Ermənistan işğalından azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.
Mərkəzin əsas məqsədi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.
Xatırladaq ki, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması barədə memorandum imzalamışdılar.
Həmçinin oxuyun: