BAKI, 8 noyabr — Sputnik. İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbədən bir il ötür. Bu qələbə ilə biz həm də Birinci Qarabağ müharibəsindəki uğursuzluğun qisasını almış olduq. Həm Birinci, həm də İkinci Qarabağ müharibələrində on minlərlə, bəlkə də yüz minlərlə yerli və xarici vətəndaş bacardığı kimi Azərbaycan Ordusuna və dövlətinə yardım etdi.
Belə ki, I Qarabağ müharibəsi dövründə, 92-ci ildə Almaniyada Azərbaycana yardım üçün aksiya keçirilib və yığılan vəsait ölkəmizə göndərilib. Toplanan vəsaiti o dövrdə daxili işlər naziri olan İsgəndər Həmidova təhvil verən türkiyəli iş adamı Hasan Babur olub.
Hasan Babur
© Sputnik / Nigar Iskanderova
1987-ci ilədək İzmirdə yaşayan H.Babur artıq 34 ildir ki, Almaniyanın paytaxtı Berlində yaşayır. O hər iki Qarabağ müharibəsində həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün Türkiyə və Almaniyada müxtəlif aksiyalara, mitinqlərə rəhbərlik edib. Sputnik Azərbaycan 44 günlük Vətən müharibəsində Azərbaycanın zəfərindən sonra ilk dəfə ölkəmizə gələn H.Baburla söhbətləşib.
"20 Yanvar hadisələri günü Almaniyanın paytaxtı Berlində böyük bir mitinq keçirdik. I Qarabağ müharibəsi dövründə biz davamlı olaraq Almaniyada mitinqlər təşkil etdik. Xocalı qətliamından sonra Almaniyada bir yardım kampaniyasını reallaşdırdıq və bu yardım kampaniyasından toplanan vəsaiti şəxsən Azərbaycana çatdırdım, İsgəndər Həmidova təhvil verdim", Babur bildirib.
Lakin H.Babur öncədən gəlişi ilə bağlı İsgəndər Həmidova heç bir məlumat vermədiyi üçün gömrükdən keçmək istəyərkən problemlə qarşılaşıb. Gömrük nəzarətçisi vizası olmadığı üçün onu ölkəyə buraxmaqdan imtina edir, Babur daha sonra Daxili İşlər Nazirliyinə ümumi vəziyyəti məruzə etdikdən sonra o polislərin müşayiəti ilə İsgəndər Həmidovun yanına gətirilir: "O zaman Almaniyadan toplanan 50 min alman markasını, Türkiyədən isə Cəfərilərin lideri olaraq tanınan Səlahəddin Özgündüzün verdiyi 10 min dolları İsgəndər Həmidova təhvil verdikdə onu öpüb gözünün üstünə qoyaraq dedi ki, "biz bir dövlətik, Avropada yaşayan vətəndaşlarımızın dar gündə Azərbaycanı düşünməsi bizim üçün böyük bir dəyər ifadə edir".
Hələ o dövrdə Azərbaycanda səfərdə olduğu 3 gün ərzində Hasan Babur sadəcə görüşlərlə kifayətlənməyib. O Şəhidlər Xiyabanında şəhidlərimizin dəfn anını da kamerasının yaddaşına köçürüb və Berlinə qayıtdıqdan sonra bu kadrları orada yayımlayıb: "Qarabağ problemi Almaniyada yaşayan azərbaycanlıların, türklərin içində böyük bir dərd, yara idi. 30 il idi ki, bir çox platformalarda Qarabağ probmlemini müzakirə etdik. Hər zaman düşünürdüm ki, biz bu erməniləri niyə torpaqlarımızdan silib ata bilmirik. Ağlımızda müxtəlif suallar dolaşırdı, bir qismi deyirdi ki, bu problem böyük güclərin təsiri ilə həllini tapa bilər. ATƏT-in Minsk Qrupunun fəaliyyəti nəticəsiz oldu. Bir sözlə, gözləntilərimiz özünü doğrultmadı".
I Qarabağ müharibəsində Azərbaycana, İsgəndər Həmidova təhvil verilən yardımla bağlı sənəd
© Sputnik / Nigar Iskanderova
O informasiya müharibəsinin rolundan danışaraq deyir ki, müharibə yalnız cəbhədə deyil, eyni zamanda da informasiya məkanında olur: "Siyasi müharibə, informasiya müharibəsi də cəbhədə gedən müharibə ilə eyni anda uğurlu aparılarsa, bu zaman qələbə qaçınılmazdır. Düşünürəm ki, son illərdə biz bunu bacardıq. Almaniya hökumətinə də bu haqsızlığı başa sala bildik".
H.Babur eyni zamanda Azərbaycanın zəfəri ilə bitən II Qarabağ müharibəsi haqda təəssüratlarını bölüşərək deyir ki, I Qarabağ müharibəsində baş verən hadisələri yaxından izləyən, Azərbaycan adına müxtəlif hərəkatlara rəhbərlik edən biri kimi 30 illik müharibənin nəticəsi olaraq II Qarabağ müharibəsində Azərbaycanın zəfərini görə bilmək, bu duyğuları ifadə etmək olduqca çətindir: "II Qarabağ müharibəsi dövründə, 44 gündə Almaniyada təxminən hər həftə diasporanın rəhbərliyi ilə böyük mitinqlər keçirdik. Müharibə günlərini biz orada coşqu ilə yaşayırdıq. Çünki hər gün Azərbaycanın qələbəsini, ordunun uğurla irəlilədiyini eşidirdik. Yalnız Azərbaycan əsilli türklər deyil, ümumilikdə Avropada yaşayan digər türklər də bu xəbərləri böyük coşqu ilə qarşılayırdı".
Hasan Babur və Hüseyin Atam
© Sputnik / Nigar Iskanderova
Hasan Baburun budəfəki səfəri zamanı Gəncədə olub: "Gəncədə raketin atıldığı yerləri, dağıntıları gördük. Gəncə səfəri məni çox təsirləndirdi. O raket Gəncəyə atıldığı anda Berlində mitinqdə çıxış edirdim. Ermənilər qəhrəman ordunun qabağına çıxmaqdan qorxaraq mülki əhaliyə raket atırdılar. 44 günlük Vətən müharibəsindən öncə bir neçə dəfə Gəncədə olsam da, bu son səfər mənə daha çox təsir bağışladı. Dağıntıları gördükcə, günahsız insanların həyatının param-parça olduğunu düşündükcə adam dəhşətə gəlir. Hər zaman ölkədə birlik və bərabərliyi qorumalıyıq, bir-birimizə daha bərk sarılmalıyıq".