AZƏRBAYCAN XƏBƏRLƏRİ

İşğal nəticəsində ailələrə dəymiş ziyanın ödənilməsinə 15 milyon manat vəsait xərclənib

Komissiya tərəfindən 13 min 295 obyektin təmir və bərpası haqqında qərar qəbul edilib.
Sputnik
BAKI, 6 noyabr - Sputnik. Noyabrın 6-da Azərbaycan Respublikasının Baş naziri, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Dövlət Komissiyasının sədri Əli Əsədovun rəhbərliyi ilə Komissiyanın növbəti iclası keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İclasda Komissiyanın fəaliyyətinin bir ili ərzində görülmüş işlərin vəziyyəti müzakirə olunub.
Baş nazir qeyd edib ki, bütövlükdə dəymiş ziyanın aradan qaldırılması üçün indiyədək 113,7 milyon manat, o cümlədən infrastruktur (yollar, rabitə, su, elektrik və qaz təchizatı) üzrə 27,4 milyon manat, tikinti, təmir və bərpa işlərinə 50,0 milyon manat, Gəncə şəhərində 89 ailəyə çoxmənzilli evlərin alınmasına 6,6 milyon manat, kənd təsərrüfatı üzrə 1,4 milyon manat, sahibkarların dövriyyə vəsaitləri üzrə 4,8 milyon manat, nəqliyyat vasitələri üzrə 0,6 milyon manat, 8 təhsil müəssisəsində tikinti-təmir üzrə ilkin olaraq 7,4 milyon manat və əhalinin məişət və şəxsi əşyalarına dəymiş ziyan üzrə təxminən 50 min vətəndaşımızı əhatə edən 12 370 ailəyə maddi yardımlar üzrə 15,5 milyon manat vəsait xərclənib.
Ötən dövr ərzində 12 min 125 obyektdə, yəni, bütün obyektlərin 91,2 faizində təmir, bərpa və tikinti işləri tam başa çatdırılıb.
Hazırda 1094 obyektdə, yəni, bütün obyektlərin 8,2 faizində tikinti və təmir işləri davam etdirilir.
Beləliklə, təmir və tikintisi üzrə işlərin başa çatdığı və icra prosesində olan obyektlərin ümumi sayı 13,219 və ya 99,4 faiz təşkil edir.
Bu və ya digər səbəblərdən təmir və tikintisinə başlanmamış obyektlərin sayı 76 və ya ümumi obyektlərin 0,6 faizdir. Bu kateqoriyadan olan obyektlər üzrə zəruri dəqiqləşdirmələr aparılır.
İclasda məruzələr dinlənilib və işlərin yekun mərhələsinə dair müvafiq tapşırıqlar verilib.