BAKI, 6 noyabr — Sputnik. Nazirlər Kabineti "İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması Qaydası"nı təsdiq edib. Sputnik Azərbaycan xəbər verir ki, adıçəkilən sənəd "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 14.2-ci maddəsinə əsasən hazırlanıb.
Qanunun 14.1-ci maddəsinə əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, ölkə ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatlar tabeliklərində olan yol-nəqliyyat, rabitə, informasiya, mədəniyyət, məişət və digər sosial infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasını bu qaydanın tələbləri nəzərə alınmaqla aparmalıdırlar.
İstismarda olan Obyektin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması Təşkilat tərəfindən bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq edilmiş müraciət əsasında bu Qaydanın tələbləri nəzərə alınmaqla aparılır.
Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 400 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası"na uyğun olaraq ağlabatan uyğunlaşdırmanın təmin edilməsi sahəsində aparılan dövlət monitorinqinin nəticəsində obyektdə ağlabatan uyğunlaşdırmanın aparılması zərurəti müəyyən edilərsə, monitorinqin nəticələri həmin Qaydanın 12-ci hissəsinə uyğun olaraq rəsmiləşdirilir və bu Qaydanın tələbləri nəzərə alınmaqla Təşkilat tərəfindən baxılır.
Layihələndirilən və tikilən Obyektin əlilliyi olan şəxslər üçün müyəssərliyi Qanunun 13-cü maddəsinə uyğun olaraq qəbul edilən tikinti texniki tələblər nəzərə alınmaqla Təşkilat tərəfindən təmin edilir. Ağlabatan uyğunlaşdırılmanın müraciət əsasında aparılması əlilliyi olan şəxsin və ya onun qanuni nümayəndəsinin, "Qeyri-hökumət təşkilatları haqqında" Qanununa uyğun olaraq yaradılmış əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarının, göstərilən müraciətə şəxsin əlilliyinə dair məlumatları və Obyekt üzrə ehtiyac olan ağlabatan uyğunlaşdırılma barədə məlumat əlavə olunur.
Ağlabatan uyğunlaşdırılma ilə bağlı müraciət birbaşa Təşkilata və ya Şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "e-sosial" internet portalında olan şəxsi kabineti vasitəsilə edilir. Ağlabatan uyğunlaşdırılma ilə bağlı tabeliyində Obyekt olan Təşkilata "e-sosial" internet portalından ünvanlanmış müraciət Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi – MEİS vasitəsilə Təşkilatın şəxsi kabinetində yerləşdirilir və Təşkilatın səlahiyyətli şəxsinin mobil telefonuna bu barədə SMS göndərilir.
Obyektlərin layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, istismarda olan infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına dövlət nəzarəti həmin obyektlərin layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına münasibətdə Fövqəladə Hallar Nazirliyi, istismarda olan obyektlərin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində göstərilən şəxslər ağlabatan uyğunlaşdırılmanın aparılmasından imtina edilməsinə dair Təşkilatın qərarı ilə razılaşmadıqda, "İnzibati icraat haqqında" Qanununa uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər.
Həmçinin oxuyun:
Yaşa görə orta aylıq pensiyanın 12% artacağı gözlənilir